Türkiyə-Iran sərhədində Suriyaya silah aparan maşın karvanı saxlanıldı
Suriya diktatoru Bəşər Əsəd uzun fasilədən sonra dövlət televiziyasında çıxış edib. Bəşər Əsəd ölkəsində baş verən zorakılığa görə “əlbir olan xarici qüvvələrin” məsuliyyət daşıdığını bildirib. Əsəd qeyd edib ki, bu əlbir qüvvələr həm qərb, həm də ərəb dövlətləridir: “Heç bir ağıllı adam inkar etməz ki, bu beynəlxalq işbirliyi ölkə daxilində qorxu toxumu səpmək üçün həyata keçirilir. Lakin bu dəfə öz içimizdən olan insanlar bunu edir”.
Aylardır istefası tələb olunan Bəşər Əsəd deyib ki, yalnız xalqın iradəsinə əsasən istefaya gedəcək. Əsəd eyni zamanda Suriyaya qarşı birləşənlərə ağır zərbə vuracaqları mesajını verib.
Qeyd edək ki, Bəşər Əsədin çıxışı BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirməyə hazırlaşdığı vaxta təsadüf edib. “Amnesty International” beynəlxalq insan haqları təşkilatı BMT TŞ-ni Suriya məsələsini Beynəlxalq Cinayət Məhkəməsinə daşımağa, silah embarqosu qoymağa, Bəşər Əsədin aktivlərinin dondurulmasına çağırıb.
Əlavə edək ki, srağagün Homs, Idlib, Dəməşq, Deyr-əz-Zor və Hama şəhərlərində antihökumət nümayişləri nəticəsində 24 nəfərin öldüyü bildirilir. BMT-nin hesablamalarına görə, ötən ilin martında Bəşər Əsədin istefası tələbi ilə nümayişlər zamanı 5000-dən 6000-dək adam ölüb.
Bu arada Türkiyə-Iran sərhədində Suriyaya silah-sursat aparan maşın karvanı saxlanılıb. Türkiyənin Iranla həmsərhəd Kilis rayonu ərazisindəki Öncüpınar gömrük-keçid məntəqəsində Irandan Suriyaya gedən, içərisində bomba və silah istehsalında istifadə edilən hərbi ləvazimatlar olduğu bildirilən 4 yük avtomobili saxlanılıb.
Kilis valisi Yusif Odabaşı avtomobillərdə hərbi yük olduğu barədə məlumat aldıqlarını söyləyib: “Avtomobilləri Ankaradan gələn mütəxəssislər yoxlayacaq. Hərbi yüklər aşkarlanarsa, Türkiyə Silahlı Qüvvələrinə göndəriləcək. Əks təqdirdə, əlaqədar orqanların təlimatına görə hərəkət ediləcək”.
Informasiya şöbəsi