«Tələbə köçürmələrini Misir Mədrdanovun əmrilə Təhsil Nazirliyinin Icra Aparatı həyata keçirir»
Ötən ilin iyununda Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən həbs edilən Təhsil Nazirliyinin Iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun işi dustağın anası Elza Kərimovanın bugünlərdə “Azadlıq”a göndərdiyi məktubla yenidən gündəmə gəldi. Məktubda oğlunun günahsız yerə həbsdə yatdığını deyən ana bildirib ki, bu, kimlərinsə hiyləgər və məkrli oyunudur.
E.Kərimova məktubunda qanunsuz tələbə köçürmələrinə də toxunub və bu əməlləri törədənlərin hər şeyi Orxanın üzərinə atmaq istədiyini deyib: “Orada qanunsuz əməllərlə məşğul olanlar indi də öz əməllərini Orxanın üstünə atmaq istəyirlər. Yəqin heç Misir Mərdanov də işin tam mahiyyətini bilmir. Mətbuatda uzun illər ərzində çox sayda qanunsuz köçürmələr barədə məlumat verilmişdir. Indi belə çıxır ki, bunların hamısını Orxan edib? Ayıbdır, çox ayıbdır. Əvvəl deyirdilər ki, Orxan 2009-cu ildə bu işləri görüb. Sonra o biri illərdəki öz əməlləri ortaya çıxıb, indi də istəyirlər ki, onları da Orxanın üstünə atsınlar”.
Dünən redaksiyamıza müraciət edən təhsil üzrə mütəxəssis, uzun illər bu sahədə çalışmış təcrübəli təhsil işçisi Elza Kərimovanın məlum məktubunda çox ciddi məqamlara toxunulduğunu bildirib: “Orxan Kərimovun anası çox ciddi məqama toxunub. Təhsil Nazirliyində çox böyük köçürmələrə yol verilib və bunların hamısı Misir Mərdanovun əmrilə həyata keçirilib. Lidya Rəsulovanın təhsil naziri olduğu illərdə bir dənə olsun tələbə hətta kollecdən-kollecə köçürülə bilməzdi. O, bunu qəti şəkildə qadağan etmişdi. Misir Mərdanovun vaxtında isə onminlərlə tələbə köçürmələrinə yol verilib. Buna da Misir Mərdanov və ona yaxın şəxslər rəvac verib. Bu məsələyə əsasən nazirliyin Icra Aparatının rəhbərliyi baxıb. Proses heç bir halda Misir Mərdanovun razılığı olmadan həyata keçirilə bilməzdi. Orxan Kərimovun vəzifəsi isə buna ümumiyyətlə imkan vermir. Onun köçürmə prosesində iştirakı ağlasığmazdır. Misir Mərdanov nazirlikdə elə bir ciddi rejim yaradıb ki, bir nazirlik başqa nazirliyin işinə qarışa bilməz. Orxan Kərimov özünü xilas etmək üçün mütləq və mütləq ad çəkməlidir ki, onu bu tələyə kimlər salıb? Əks təqdirdə onu Goranboy rayon təhsil şöbəsinin müdiri Elmar Əliyevin aqibəti gözləyir. Elmar Əliyevə də demişdilər ki, bütün məsuliyyəti üzərinə götürsən, hər şey yaxşı olacaq. Amma 11 il azadlıqdan məhrum edildi”.