Keçmiş səfirin qardaşı onun düşmənlərinə meydan oxudu
Bakı şəhər baş polis idarəsinin sabiq rəisi və Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin qardaşı deputat Adil Əliyev “Qafqazinfo”ya maraqlı müsahibə verib. Müsahibəni maraqlı edən təbii ki, onun qardaşı ilə bağlı yazılanlara münasibəti olub. Adil Əliyev bildirib ki, Məhərrəm Əliyevin Tacikistandan geri çağırılandan sonra onun barəsində mətbuatda dərc edilən məlumatlar sifarişdir.
Adil Əliyev sifarişçilərin kimlər olduğunu açıqlamayıb. Yalnız onların kimliyinə eyham etməklə kifayətlənib. Məsələn, deputat Məhərrəm Əliyev barədə dərc edilən məlumatlardan danışarkən deyib ki, qardaşını istəməyən insanlar onun apardığı mübarizənin, ideallarının əksinə gedənlər olub. Həmin insanların hakimiyyətdə, daha doğrusu elə hüquq-mühafizə orqanlarında təmsil olunduğu Adil Əliyevin sonrakı fikirlərində aydın olur: “Onu istəməyən insanlar isə onun apardığı mübarizənin, ideallarının əksinə gedən insanlar olub. O, öz xarakterinə uyğun olaraq, gördüklərinə susa bilməyib və bu da həmin insanların xoşuna gəlməyib. Yəni ki, mənim bir işçim cinayət törədib, digər işçim isə bunu ictimailəşdirir… Bu cür hallar çox baş verib. Qəribədir, bu insanlar barışa bilmirlər ki, onlar bu gün hakimiyyətdədirlər, Məhərrəm Əliyev isə təqaüddə, belə deyək ki, Xarici Işlər Nazirliyinin sərəncamındadır. Lakin Məhərrəm Əliyev evdə otura-otura bu adamların başına dərd olub, xarizması, nüfuzu ilə…”.
Adil Əliyev
Məhərrəm Əliyevin hakimiyyətdə toqquşduğu əsas şəxs daxili işlər naziri Ramil Usubov olub. Adil Əliyevin məhz daxili işlər nazirinə işarə vurduğunu ehtimal etmək olar. Yeri gəlmişkən, Məhərrəm Əliyevin rəhbərliyi dövründə Bakı Şəhər Baş Polis Idarəsi DIN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun cinayətlərini açmağa cəhd edib. Lakin bu cəhdin qarşısı alınıb.
Bundan başqa, Adil Əliyev sonrakı fikirlərində daha açıq şəkildə Ramil Usubova eyham vurur: “Məhərrəm Əliyev gecələr rahat yatır, bəziləri kimi külək əsən kimi oyanmır. Fikirləşmir ki, qapı taqqıldadı, gəliblər məni aparmağa…”.
Ramil Usubovun Hacı Məmmədov olayında həbs olunmaq təhlükəsini yaşadağı hər kəsə bəllidir. Ola bilər ki, nazir hələ də bu təhlükəni öz üzərində hiss edir və bu da onun rəqiblərinə bəllidir.
Adil Əliyev sonda bir maraqlı fikir də səsləndirib. O, Məhərrəm Əliyevə qarşı kampaniyanı nəticə olaraq belə dəyərləndirib: “Onlar qorxurlar ki, Məhərrəm Əliyev yenidən hüquq-mühafizə orqanlarında yüksək posta təyin olunar və bunların zibillərini açmaqda davam edər. Qoy, narahat olsunlar, lap lazımdırsa dəli olsunlar”.