Hökumətin qarşımda məğlub olması böyük siyasi hadisədir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Əli Kərimli yanvarın 10-da “Media forum” saytına müsahibə verib.
– Avropa İnsan Hüquqları Məhkəməsi 2005-ci ilin parlament seçkisinin nəticələrindən etdiyiniz şikayəti 6 ildən sonra təmin edib, sizə 30 min 500 avro məbləğində kompensasiya ödənməsi haqda qərar çıxarıb. Məhkəmənin qərarını necə qiymətləndirirsiniz?
– Hakimiyyət 2005-ci ildə mənim parlamentə seçilməyimin qarşısını almaq üçün çox çeşidli maneələr quraşdırmışdı, planlar hazırlamışdı. Amma biz bütün bu maneələri aşa bildik. Əvvəlcə dairə seçki komissiyası, sonra isə Mərkəzi Seçki Komissiyası mənim deputat seçildiyimi etiraf etdi. O zaman yaradılmış “Azadlıq” blokunun 52 nümayəndəsi seçicilərin əksəriyyətinin səsini qazansa da, hakimiyyət yalnız 8 nəfərin deputat mandatını təsdiq etməyə hazır olduğunu göstərdi. Mən də həmin 8 nəfərin içində idim. Həmin dövrdə mən belə bir təşəbbüslə çıxış etdim ki, əgər digər dostlarımızın da hüquqları bərpa olunmasa, hakimiyyət onların seçildiyini təsdiq etməsə, onda biz mandatımızdan imtina etməliyik. Nəhayət, 2005-ci ilin noyabrın 26-da mitinq zamanı aksiya iştirakçıları ilə birlikdə oturaq mitinqlərə başlamaqla bağlı qərar verdik. Bütün bunlardan sonra hakimiyyət dərhal mövqeyini dəyişdi.
Hökumət Konstitusiya Məhkəməsinə göstəriş verdi və heç bir hüquqi əsası olmadan mənim deputat mandatım ləğv olundu. Azərbaycan hakimiyyətinin bu addımından, Konstitusiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verdim. 6 il sonra olsa da, hər halda ədalət yerini tutdu. Bizim qitənin ən nüfuzlu ədalət mühakiməsi yeri olan Avropa İnsan Hüquqları Məhkəməsi haqlı olduğumu, Azərbaycan hökumətinin mənim seçki hüququmu pozduğunu, mənə qarşı ayrı-seçkiliyə yol verdiyini, qərəzli olduğunu təsdiqlədi. Avropa Məhkəməsi mənim seçilməyimin düz olduğunu təsdiqlədi, mandatımı ləğv edən hakimiyyətin mənə vurduğu mənəvi və maddi ziyana görə kompensasiya ödəməsi haqda qərar verdi, Azərbaycan hökumətini etdiyi qanunsuzluqlara görə cərimələdi.
Avropa Məhkəməsinin qərarı hər şeydən əvvəl, gec də olsa, ədalətin qismən bərpa olunmasıdır. Təbii ki, ədalətin tam bərpasından söhbət gedə bilməz. Çünki seçicilərimin iradəsinə uyğun olaraq onları parlamentdə təmsil edə, deputat kimi fəaliyyət göstərə bilmədim. Amma heç olmasa mənin seçilmək haqqım, 6 ildən sonra da olsa, təsdiqləndi. Ən yüksək məhkəmə instansiyasında bir daha təsdiq olundu ki, Azərbaycanda parlament seçkisi saxtalaşdırılıb, hökumət seçkinin nəticələrinə ciddi müdaxilə edib, ölkədə normal, müstəqil məhkəmə sistemi yoxdur, vətəndaşların ədalətli mühakimə hüququ təmin edilmir, hakimiyyətin siyasi qərarlarına inanmaq olmaz, Azərbaycan hüquqi dövlət deyil, müxalifət liderlərinə qərəzli münasibət var, onlar repressiyaya məruz qalırlar, hüquqları əllərindən alınır. Bütün bunlar bizə məlum idi. Müxtəlif beynəlxalq təşkilatlar da öz hesabatlarında bunu yazırdılar. Amma indi ciddi araşdırmalardan sonra Avropanın ən yüksək məhkəməsi də bu barədə qərar verib, hökm çıxarıb. Bu mənada Azərbaycan hökumətinin seçkidə mənim qarşımda məğlub olması böyük siyasi hadisədir. Bunun Avropa Məhkəməsində təsdiq olunması çox ciddi əhəmiyyətə malikdir.
– Avropa Məhkəməsi yanvarın 10-da 2005-ci ilin parlament seçkisinin nəticələri ilə bağlı Azərbaycandan göndərilən şikayətlərdən dördü üzrə qərar çıxarıb. Qərarda yalnız sizə maddi ziyana görə cərimə ödənməsi haqda bənd var. Buna necə baxırsınız?
– Əslində bu barədə geniş danışmaq istəmirəm. Bununla bağlı sualları vəkilim cavablandıracaq. Mənim üçün məhkəmənin bu qərarının siyasi-hüquqi nəticələri daha önəmlidir. Ona görə də qərarın siyasi-hüquqi nəticələri barədə danışdım. Amma mən deputat seçilmişəm və 5 il dövlətdən əməkhaqqı almalıydım. Bu, mənə vurulan maddi ziyandır. Çünki deputat seçilməyim şübhə doğurmur, burada qeyri-müəyyənlik yoxdur. Avropa Məhkəməsinin qərarı da bunu sübut edir. Amma 5 il əməkhaqqından məhrum edilmişəm. Belə olan halda mənə vurulan maddi ziyan tam ödənilməliydi. Vəkilimlə məsləhətləşmişəm. Vəkil təklif edir ki, kompensasiyanın düzgün hesablanmaması ilə bağlı Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət edək. Ola bilsin ki, Yuxarı Palataya şikayət etdik.
– Avropa Məhkəməsi vaxtilə jurnalist Eynulla Fətullayevlə bağlı qərar çıxaranda da ona kompensasiya ödənməsi tələbini qoymuşdu. Azərbaycan hökuməti həmin qərardan Yuxarı Palataya şikayət etmişdi, sonra kompensasiyanın ödənməsini də xeyli yubatdı. Hökumətin sizə ödəməli olduğu kompensasiyanın verilməsində hansısa problem ola bilərmi? Bu kompensasiya pulunun xərcələnməsi ilə bağlı hansısa planınız varmı?
– İndiyədək seçki ilə bağlı qərarların yerinə yetirilməsinə mane olmayıblar. Əgər bu məsələdə də bir ilkə imza atmaq istəyirlərsə, buyursunlar. Hökumətin planlarının nədən ibarət olmasından xəbərim yoxdur.
Xərcləməyə gəlincə, pul hələ ki, real deyil, onu hələlik mənə təqdim edən yoxdur. Real olmayan pulu xərcləməklə bağlı plan qurmağı doğru saymıram. Pul real olanda planlarımız da olacaq.
– Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində bundan başqa neçə şikayətiniz var? Digər şikayətlərinizə yaxın zamanlarda baxılması gözlənilirmi?
– Hökumətin mənə pasport verməməsi ilə bağlı şikayətə baxılmasını gözləyirəm. Bu şikayət 3 ildən artıqdır Avropa Məhkəməsinin gündəliyindədir. Yeri gəlmişkən, Avropa Məhkəməsinin şikayətlərə baxmağı gecikdirməsindən yalnız biz şikayətlənmirdik. Ona görə də Avropa Məhkəməsinin statusunda dəyişiklik edilib və işlərə baxılması sürətləndirilib. Yəqin ki, bundan sonrakı qərarları 6 il gözləmək lazım olmayacaq.
Bundan başqa 2010-cu ilin parlament seçkisi, Xalq Cəbhəsinin, “Azadlıq” qəzetinin Bakının mərkəzində, Xaqani küçəsi, 33 ünvanında yerləşən binadan çıxarılması ilə bağlı şikayətə baxılmasını gözləyirəm.