“Neft Şirkətində kütləvi ixtisarlar olacaq”

Mirvari Qəhrəmanlı: «Tibbi heyət Səhiyyə Nazirliyinin tabeliyinə keçəndən sonra da eyni maaşı almalıdır»

Qubad Ibadoğlu: «Sosial xərclərdən qurtulması ARDNŞ-nin maraqlarına uyğundur»

Neft sahəsinə aid olmayan təsərrüfatların Dövlət Neft Şirkətinin balansından çıxaraldığı barədə məlumat vermişdik.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, ARDNŞ-nin Sosial Inkişaf Idarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, həmçinin Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Səhiyyə Nazirliyinə tapşırılıb ki, adıçəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.
Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, bu dəyişiklikdən sonra həmin müəssisələrin əmək müqavilələri qüvvədə qalmalıdır. Çünki qanunvericilik belə tələb edir: “Diaqnostika mərkəzlərində, eləcə də Neftçilər Xəstəxanasında çalışan tibbi heyətin əmək haqqı yüksək idi. Əmək Məcəlləsinin 63-cü maddəsi onu tələb edir ki, bu adamlar orada nə qədər maaş alırdılarsa, Səhiyyə Nazirliyinin tabeliyinə keçəndən sonra da eyni maaşı almalıdılar”.
M.Qəhrmanlı deyir ki, əsas narahatçılığı Neft Şirkətində gözlənilən kütləvi ixtisarlarla bağlıdır: “Kütləvi ixtisarlar olacaq. Belə çıxır ki, Neft Şirkətindəki sosial inkişaf idarəsi də ləğv olunmalıdır. Xeyli insan işsiz qalacaq”.

Iqtisadçı Qubad Ibadoğlu hesab edir ki, bu, Neft Şirkətinin çoxdan istədiyi bir şeydir. Çünki şirkət özünün idarəetmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq istəyir: “Neft Şirkəti hər il on milyonlarla vəsaiti yalnız sosial-iqtisadi məsələlərə xərcləyirdi. Bu halda şirkət həmin xərclərdən qurtulmuş olur. Bu da, Neft Şirkətinin imkanlarının artırılması, maliyyə vəziyyətinin yaxşılaşması baxımdan sərfəlidir. Səhiyyə Nazirliyi həqiqətən də əhəmiyyətli islahatlar keçirə bilsə, o halda bu proses orada çalışanların və bu xidmətlərdən istifadə edənlərin də marağında ola bilər”.
Əgər bu proses Neft Şirkətinin marağındadırsa, o zaman niyə ARDNŞ ilkin mərhələdə həmin xəstəxana və müalicə-diaqnostika mərkəzlərinin maliyyə təminatını üzərinə götürmüşdü? Bu suala cavab olaraq Q.Ibadoğlu bildirib ki, həmin vaxtlar büdcənin indiki geniş imkanları yox idi: “Varlı şirkət idi və imkanları hesabına həm səhiyyədə, həm təhsildə, həm də digər sosial sahələrdə problemlərin həllinə vəsait ayırırdı. Indi isə şirkət bu yüklərdən azad olunur. Məsələn, bir vaxtlar ARDNŞ tikinti fəaliyyəti ilə də məşğul olurdu. Sonradan şirkətdə xüsusi sosial idarə də yaradılmışdı. Indiki halda isə bundan qurtulub və bu da onun koorporativ maraqlarına uyğundur”.
Bu yeniliyin qarşı tərəfin marağında olub-olmadığına gəlincə, Q.Ibadoğlu deyir ki, ARDNŞ həmin qurumlara əvvəlki qədər olmasa da, maliyyə vəsaiti ayırmağa davam edəcək: “Şirkət maliyyələşdirmə prosesindən kənarda qalmayacaq. Işçiləri həmin səhiyyə müəssisəsinin xidmətlərindən istifadə edəcəksə, o halda ARDNŞ tibbi sığorta üsulu ilə həmin müəssisələrin saxlanılmasına vəsait ayıra biləcək. Idarəetmə prosesindən isə tam kənarlaşacaq. Mümkündür ki, tibbi sığorta xərcləri Neft Şirkətinin ayırdığı vəsaitin həcmi ilə müqayisədə az olsun. Çünki Neft Şirkəti əvvəl işçilərinin yalnız tibbi sığorta xərclərini deyil, həm də bu müəssisələrin saxlanması xərclərini ödəyirdi. Səhiyyə Nazirliyinin balansına keçəndən sonra isə müəssisənin saxlanılması üçün vəsait nazirliyin büdcəsindən ayrılacaq. Bu halda təbii ki, orada işləyən həkimlər həm Səhiyyə Nazirliyinin işçisi kimi qazanc əldə edəcək, həm də tibbi sığortadan müəyyən qazancları olacaq”.