İctimai Palatanın sessiyasında böyük qələbəlik

Palatanın Koordinasiya Şurasına yeni tərkib seçildi

Yanvarın 8-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın sessiyası keçirildi. Palatanın 2012-ci ildəki ilk sessiyasında böyük qələbəlik vardı. İştirakçılar o qədər çox idi ki, gələnlərin yarısı zala daxil ola bilmədilər, dəhlizdə quraşdırılmış monitor vasitəsilə sessiyanı izləməli oldular. Azərbaycanın dövlət himninin canlı ifası ilə başlanan sessiyaya Koordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbər sədrlik edirdi.
İsa Qəmbər İP-in ötən ilki fəaliyyəti ilə bağlı qısa hesabat verib ötən bir ildə ölkənin demokratik qüvvələrini bir araya toparlamağa, hakimiyyətə alternativ qüvvə kimi çıxış etməyə nail olduqlarını dedi: “İctimai Palata artıq cəmiyyətdə də, dünya miqyasında da tanınmağa, qəbul olunmağa başlayıb. Biz ”Demokratiyaya keçidin Yol Xəritəsi”ni hazırlamışıq. Aksiyalar keçirmişik. Məncə bugünkü müzakirələrdə çox prinsipial təkliflər, çıxışlar olacaq. Biz İctimai Palatanın bu ilki hədəflərini müəyyənləşdirməli olacağıq. Mən düşünürəm ki, artıq İlham Əliyevin istefasını gündəmə gətirmək və bu istefanın gerçəkləşdirmək naminə kütləvi aksiyaların təşkili haqqında ciddi hədəflərimizi müəyyənləşdirməliyik. Şəxsən mənim fikrimcə, biz İlham Əlievin istefasını tələb etməliyik və bunun üçün aksiyalar keçirməliyik. Biz hakimiyyətə dialoq təklif etdik. Özü də sadə sözlə yox. Çox mükəmməl bir sənəd hazırladıq. Hakimiyyət o sənədi dəyərləndirmədi. Bu hakimiyyət dialoqu anlamır. Ona görə də biz dialoq söhbətinə son qoymalıyıq. Hakimiyyətlə daha sərt dildə, onlara layiq şəkildə danışmağa başlamalıyıq”.

Müsavat başqanı İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərə toxunaraq bildirdi ki, İP hakimiyyətə demokratik seçki nümunəsi göstərəcək.
Sonra sessiyanın ictimai-siyasi vəziyyət və 2012-ci ildə İP-in vəzifələri, Koordinasiya Şurasına seçkilər və cari məsələlərdən ibarət gündəliyi səsə qoyularaq qəbul edildi.

Koordinasiya Şurasına seçkinin təşkil etmək üçün 9 nəfərdən ibarət seçki komissiyası yaradıldı. Sonra Koodinasiya Şurasına namizədlərin ayrı-ayrılıqa təqdimatı oldu.
Namizədlərə çıxış etmək üçün 3 dəqiqə vaxt verildi.
Namizədlərdən bəziləri çıxış edərək özlərini təqdim etdilər, İP haqda fikirlərini səsləndirdilər.

KXCP üzvü Ədalət Yusibov təmsil etdiyi partiyanın İP-də təmsil olunmayacağı haqda söz-söhbətləri təkzib etdi və mübarizəni yalnız İP daxilində gördüklərini dedi: “KXCP-nin İctimai Palatada təmsil olunan, prinsipial üzvləri yenə də buradadır. KXCP mübarizəni yalnız İctimai Palata daxilində görür və sona qədər sizinlə bir yerdə olacaq”.
Müstəqil siyasətçi İbrahim İbrahimli isə bildirdi ki, 2011-ci ildə siyası hadisə kimi qeyd edilə biləcək yeganə hadisə İctimai Palatanın öz gücünü göstərməsidir: “Azərbaycanda İctimai Palatasız dəyişiklik olmayacaq. Azərbaycanın milli maraqlarını düşünənlər, prinsipial və mübariz qüvvələr İctimai Palataya yığışıb və bura da yığışmalıdırlar”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ona verilən suallara cavab olaraq bildirdi ki, İctimai Palatanın gələcəyinə inanır. Baş redaktor təmsil etdiyi qəzetlə bağlı bir sıra məsələlərə, söz-söhbətlərə təsirli bir çıxışla aydınlıq gətirdi.
AMDP sədri Qələndər Muxtarlı da bildirdi ki, Azərbaycan müxalifətinin güc mərkəzi İctimai Palatadır: “Bizim partiyanın burda təmsil olunması da hesab edirəm ki, ümumi işimizin, mübarizəmizin xeyrinə olacaq”.
“Azadlıq” qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev bildirdi ki, İctimai Palata bu qəzetin müdafiə etdiyi dəyərlərin Azərbaycanda bərqərar olması uğrunda mübarizə aparan güc mərkəzidir: “Bu baxımdan bizim qəzetin də burada təmsil olunmağı təbiidir. Birgə mübarizəmizdə hər birimizə uğurlar arzulayıram”.
Yazıçı-publisit Mehriban Vəzir bildirdi ki, cəmiyyətin nəbzini yoxlamaq istəyənlər İctimai Palataya gəlməli və görməlidirlər ki, Azərbaycan cəmiyyəti ölməyib, diridir. “Qarşımıza qoyduğumuz hədəflərə İctimai Palatada birgə mübarizəmizlə nail olacağıq”, – deyə o qeyd etdi.

Sabiq baş nazir Pənah Hüseyn bildirdi ki, seçkilərdə səsvermənin gizli keçirilməsi demokratiyanın başlıca cəhəti olsa da, o, İP KŞ-yə seçilmək üçün kimlərə səs verəcəyini açıq elan etmək istəyir: “Mən Koordinasiya Şurasının əvvəlki tərkibinə, özüm də içərisində olmaqla və yeni namizədlərdən İbrahim İbrahimliyə, Vaqif Hacıbəyliyə, Leyla Əliyevaya və Qələndər Muxtarlıya səs verəcəm”.

20 nəfərdən ibarət namizədlər siyahısı səsvermə ilə təsdiqləndikdən sonra Koordinaisiya Şurasına və İP-in sessiyasına son bir ayda sədrliyi həyata keçirən Hacı İlqar İbrahimoğlu Allahın adı ilə başlayaraq, bir aylıq fəaliyyət barədə çıxış etdi: “Son bir ay İctimai Palatanın həyatında önəmli aylardan olub. Ölkədə mülkiyyət hüququnun pozulması ilə bağlı tədbirlər keçirdik. Koordinasiya Şurası ən müxtəlif məsələlərlə bağlı bəyanatlar qəbul edib. İnsan haqları günü ilə bağlı tədbir keçirilib”.

Hacı İlqar İslam dinin Azərbaycan xalqına nə qədər doğma olduğundan da söz açdı. O, Məhəmməd Əmin Rəsulzadədən, Əbülfəz Elçibəydən dinimiz və inanc sistemimizlə bağlı sitatlar gətirdi.

Sonra AXCP sədri Əli Kərimli ictimai-siyasi vəziyyətlə və 2012-ci ildə İP-in fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi.
Əli Kərimlinin çıxışı üçün bura daxil ol

“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu isə ölkədə azad iqtisadi münasibətlərin olmadığından danışdı. Bildirdi ki, minlərlə adamın əmlakı əlindən alınıb, orta sahibkarlıq məhv edilib. Bütün təbəqəyə aid insanları bir araya gətirib mübarizəyə qoşmaq lazımdır.

Pənah Hüseyn isə Azərbaycan hakimiyyətinin hazırda heç vaxt müşahidə olunmayan ciddi böhran həddini yaşamaqda olduğunu bildirdi: “Bu böhranın əlaməti ölkənin ən böyük ziyalılarının, elm xadimlərinin, alimlərinin bu hakimiyyətə ”Ölkəni bir qrup julik idarə edir” deməsi fikrində ifadə olundu. Bu, artıq Azərbaycan xalqının, elitasının fikridir. İkincisi, böhran iqtidarın qeyd etdiyim dünya şöhrətli ziyalılara “adi diplomlu adamlar” deməsindən görünür. Bu, hakimiyyətin tükənməkdə olduğunun göstəricisidir. Hamı deyir ki, ölkədə vəziyyət bu cür davam edə bilməz. Artıq hamı deyir və deməli, davam edə bilməz. Ən yaxın 2-3 ayda biz on minlərlə insanı küçələrə çıxarmaq imkanında olacağıq”.

Bir neçə başqa çıxışlar da olandan sonra saat 15 radələrində Koordinasiya Şurasına seçkilər üçün səsvermə başladı. Nizam-intizamlı və izdihamla keçən gizli səs vermə axşam saat 18-dək davam etdi.  
Təxminən 1 saat sonra nəticələr açıqlandı. Məlum oldu ki, namizədlərdən Vaqif Hacıbəyli, İxtiyar Abdalov və Soltanhəmid Məlikov yetərincə səs toplamadıqlarına görə seçilməyiblər. Səsvermədə 258 İP üzvü iştirak edib, 245 bülleten etibarlı sayılıb. İP Koordinasiya Şurasına seçilənlər isə aşağıdakılardır:

 

 

Aqil Həbib oğlu Səmədbəyli – Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasnın sədri -224 (lehinə)
Ədalət Həsənağa oğlu Yusibov – Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini – 226 (lehinə)
Əli Əmirhüseyn oğlu Kərimli – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri – 209 (lehinə)
İbrahim Zeynəddin oğlu İbrahimli – Müstəqil siyasətçi – 186 (lehinə)
Hacı İlqar İbrahimoğlu – DEVAMM-ın sədri – 202 (lehinə)
İsa Yunis oğlu Qəmbər – Müsavat Partiyasının başqanı -235 (lehinə)
Köçəri Adil oğlu Nağıbəyli – Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri -161 (lehinə)
Qələndər Şəmil oğlu Muxtarlı – Azərbaycan Milliyətçi Demokrat Partiyasının sədri-207 (lehinə)
Leyla Ağa qızı Əliyeva – Müstəqil politoloq – 233 (lehinə)
Rahim Bahadur oğlu Hacıyev – “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini -190 (lehinə)
Mehriban Əli qızı Vəzir – Yazıçı-publisist – 187 (lehinə)
Mirvari Üzeyir qızı Qəhrəmanlı – Hüquq müdafiəçisi – 200 (lehinə)
Pənah Çodar oğlu Hüseyn – Keçmiş Baş nazir – 200 (lehinə)
Rafiq Hidayət oğlu Manaflı – Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri -178 (lehinə)
Rauf Arifoğlu – “Yeni Müsavat” qəzetinin baş redaktoru – 184 (lehinə)
Vidadi Mircəlil oğlu Mirkamal – Ədliyyə generalı – 220 (lehinə)
Zəfər Hüseyn oğlu Quliyev – Müstəqil politoloq, analitik – 226 (lehinə).

İP-in sessiyası Rafiq Tağının qətli və 2 aprel dinc etiraz aksiyası ilə əlaqədar həbs olunanlarla bağlı bəyanatlar qəbul etdi.
Bəyanatlar üçün bax