Sülhəddin Əkbər: «Gürcüstanla Azərbaycanın arasının vurulması Rusiya xüsusi xidmət orqanlarının çoxdankı arzusudur»
Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc maraqlı açıqlama ilə çıxış edib. O, mətbuata açıqlamasında bildirib ki, Gürcüstan azərbaycanlılarının ərazi və siyasi muxtariyyəti ilə bağlı addımların atılmasının zamanıdır. Bu baxımdan Z.Oruc hesab edir ki, Azərbaycan Gürcüstana güzəşt siyasətindən nisbətən imtina etməli, amma Qərblə əlaqələrini pozmamalıdır. Hakimiyyətyönlü deputatın bir qədər gözlənilməyən situasiyada bu cür açıqlama ilə çıxış etməsi maraq doğurur.
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin fikrincə, bu cür təklifin, həm də millət vəkilinin səsləndirməsi açıq təxribatdır. Hazırda regiondakı gərgin situasiyanı və Azərbaycanın müharibə vəziyyətinin nəzərə alınmalı olduğunu deyən S.Əkbər vurğuladı ki, belə bir məsələnin qaldırılması Azərbaycanın dövlətçilik maraqlarına uyğun deyil: “Gürcüstanla Azərbaycanın arasının vurulması Rusiya xüsusi xidmət orqanlarının çoxdankı arzusudur. Çünki belə olan halda Azərbaycan regionda təcrid olunmuş vəziyyətə düşəcək. Bizim Türkiyə və Gürcüstan istisna olmaqla Avropaya çıxış imkanımız yoxdur. Ətrafımızda Rusiya, Iran və Ermənistandır. Azərbaycanın Gürcüstanla əlaqələrinin pozulması Rusiyaya sərf edir. Çünki belə olan halda izolyasiyaya düşmüş Azərbaycana Kremlin təzyiqləri daha da artacaq”.
Gürcüstanın Azərbaycana da sıx birlik təklif etdiyi bir məqamda Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsini yanlış sayan S.Əkbər vrğuladı ki, Tiflisin konfederasiya yaratmaq təklifi həqiqətən də səmimidir. “Ona görə Zahid Orucun təklifi heyrət doğurmaya bilməz”, deyə S.Əkbər vurğuladı.
Xəyal