ARDNŞ prezidentinin xəstəxanaları və binaları əlindən alındı
Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan, lakin neft sahəsinə aid olmayan təsərrüfatların qurumun balansından çıxaralacağı barədə yazdıqlarımız təsdiqini tapdı.
Artıq Nazirlər Kabineti ARDNŞ-in balansında olan səhiyyə müəssisələri, yaşayış binası və yataqxanalarla bağlı sərəncam verib.
Sərəncamla ARDNŞ-in Sosial Inkişaf Idarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına verilib. Həmçinin, Sosial Inkişaf Idarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi də Səhiyyə Nazirliyinə verilib.
Sərəncamda Səhiyyə Nazirliyinə tapşırılıb ki, adı çəkilən xəstəxana və müalicə-diaqnostika mərkəzlərində çalışan işçilərin əmək münasibətlərinin tənzimlənməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün.
Nazirlər Kabinetinin digər qərarı ilə ARDNŞ-in Sosial Inkişaf Idarəsi Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər Icra Hakimiyyətinin balansına verilib.
Xatırladaq ki, “Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, qeyri-neft təsərrüfatlarının müvafiq nazirliklər və dövlət qurumlarına verilməsi barədə Rövnəq Abdullayevin qarşısında konkret şərt qoyulub. Xüsusilə Diaqnostika Mərkəzləri və xəstəxanaların tezliklə Səhiyyə Nazirliyinin balansına verilməsi bildirilib. Kifayət qədər gəlir gətirən bu təsərrüfatları əldən vermək istəməyən Rövnəq Abdullayev hətta neftçiləri də ayağa qaldırmışdı. Lakin göründüyü kimi ARDNŞ prezidentinin bütün cəhdləri boşa çıxıb.
Informasiya şöbəsi