“Ilqar Əliyev əmlakımı əlimdən almaq istəyir”
Ilham Əliyevin əmisi oğlunun həbsə atdırdığı iş adamı aclığa başlayıb
Uzun illər prezident Ilham Əliyevin əmisi Aqil Əliyevlə şərik işləmiş Böyükağa Abdullayev adlı iş adamının həbsə atılması barədə ötən saylarımızın birində məlumat vermişdik. Dünən isə redaksiyamıza məlumat daxil oldu ki, hazırda Gəncə Istintaq Təcridxanasında saxlanılan B.Abdullayev dekabrın 6-dan aclıq aksiyasına başlayıb.
O, Aqil Əliyevin oğlu Ilqar Əliyevin ona məxsus əmlaka göz qoyduğunu və aclığa buna etiraz olaraq başladığını bildirib. B.Abdullayevin işi Gəncə Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə gedir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Məlumatı verən mənbənin sözlərinə görə, B.Abdullayev Tovuzda faəliyyət göstərən “Eko-Servis” adlı müəssisənin təsisçilərindən biridir. Müəssisə Tovuzdakı qiymətli yataqların istismarı və satışı ilə məşğuldur.
Aqil Əliyev dünyasını dəyişəndən sonra “Eko-Servis”ə onun oğlu Ilqar Əliyev rəhbərlik etməyə başlayıb. Payların 50 faizi ona, 25 faizi B.Abdullayevə, 25 faizi isə Dəyanət Səlimov adlı şəxsə məxsus olub. Lakin sonradan Ilqar Əliyev B.Abdullayevin 25 faizlik payına sahib olmaq qərarına gəlib. Mənbə deyir ki, bu səbəbdən I.Əliyev B.Abdullayevi tutdurmaq və əmlakını ələ keçirmək istəyir. Halbuki əmlakın 25 faizinin hazırda həbsdə olan B.Abdullayevə məxsus olduğunu sübut edən sənədlər var.
Məsələ ilə bağlı B.Abdullayevin vəkili Osman Kazımova da müraciət etdik. Vəkil bizimlə söhbətində müdafiə etdiyi şəxsin aclıq aksiyasına başlaması xəbərini təsdiqlədi.
Xatırladaq ki, bir müddət əvvəl B.Abdullayevin həyat yoldaşı Kəmalə Abdullayeva redaksiyamıza müraciət etmiş və yoldaşının şərə düşdüyünü bildirmişdi: “Həyat yoldaşım heç bir təqsiri olmadan həbs edilib. Onu şərə salıblar, böhtan atıblar və nəticədə ailəmiz başsız qalıb. Yoldaşım Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevlə çalışdıqdan sonra, onun oğlu Ilqar Əliyevlə işləyib. Heç zaman onlardan narazı olmayıb. Və həmişə də təmiz iş görüb. Mərhum Aqil müəllimin, onun oğlu Ilqar müəllimin etibarını, hörmətini qazanıb. Lakin Böyükağanı gözü götürməyənlər Ilqar müəllimə yalan məlumatlar ötürməklə onu şərə saldılar”.
K.Abdullayeva bildirmişdi ki, Ilqar Əliyev Böyükağa Abdullayev barədə yalanlara inanaraq onu həbs etdirib. Bu baxımdan Böyükağa Abdullayevin ailə üzvləri Ilham Əliyevin və onun əmisi oğlu Ilqar Əliyevin qəbulunda olmaq və onlara əsl həqiqəti danışmaq istəyirlər: “Bizi qəbul etsinlər, dinləsinlər. Əgər Böyükağanın təqsiri varsa, cəzasını çəksin, bir söz demirik”.