Bu ölkədə kim marginallaşıb?

Mən həmişə marginallaşmaqdan ehtiyat edirdim. Ehtiyat edirdim ki, təcridçi hakimiyyət müxalifəti marginallaşdırar. Marginallaşmağı bir çoxu heç də ən pis sonluq hesab etmir, hətta belə təsəvvür də var ki, ziyalı insanın ən yaxşı seçimi elə marginal olmaqdır. Mən indi bu diskussiyaya varmayacağam. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Burada “marginallaşmaq” sözü adətə uyğun şəkildə işlədilir.

1993-cü ildən bəri bu hakimiyyətə qarşı edilən və bu gün də davam edən etirazları xatırlasan, görərsən ki, həqiqətən də böyük etiraz silsiləsi olub. Yəni, biz tək olmamışıq, bu hakimiyyət haqda tənqidi və ifşaedici fikirləri təkcə biz səsləndirməmişik. Bir vaxt deyirdilər ki, bir neçə uğursuz adamdır danışan – işləri yox, peşələri yox. Indisə mənə elə gəlir ki, bunu demək cəsarət tələb edir. Çünki akademiki, professoru, “Oskar” almış bir şəxsi “uğursuz” və “işsiz-peşəsiz” adam adlandırmaq çətindir. Mən elə bu məsələyə görə bu qısa söhbəti marginallaşmaqdan başladım. Bəlkə də bir gün gələcək, özlərinin sayıb-seçdiyi bir ziyalı danışmağa başlayacaq. Bəs onda nə deyəcəklər?
Azərbaycanda hakimiyyətlə bağlı kəskin tənqidi söz deməyən çox az ziyalı qalıb. Hamı deyir və hamı deyib! Hər halda, mən belə düşünürəm. Ola bilsin, kimsə ardıcıl olmayıb. Bu, ola bilər. Amma sözlər və fikirlər səslənib. Mənə elə gəlir ki, bu hakimiyyətin müxalifət haqda heç vaxt dəqiq təsəvvürü olmayıb, həmişə mövcud müxalifət haqqında deyil, görmək istədikləri müxalifət haqqında danışıblar – uğursuzlar, işsizlər və peşəsizlər kimi epitetlər də elə belə yaranıb. Problem deyil. Qoy, danışsınlar. Zira mən bu monoloqun sonunu görürəm: bir gün gələcək, bunlar bütün xalq haqda belə danışacaq və öz qarşılarında xalqı görəcəklər. O vaxt əsl marginallıq özünü göstərəcək – təbii ki, mənfi mənada… Özü də buna çox qalmayıb. Elə gün gələcək ki, bunlar xalqdan giley-güzar edəcək. Rusların çox gözəl və mənalı bir sözü var: “otçujdenie”. Bəli, bu proses başlayıb. Siz o insanların ekran qarışsında dedikləri sözlərə fikir verməyin. Insanlara söz verilsə, onlar nələr danışmazlar?!
Ilham Əliyevin prezidentliyinin ilk günlərində hələ tədbirlərə sıravi insanları buraxırdılar. Lakin o, bundan tez yoruldu. Indi gördüklərimiz əsl teatrdır. Hamısı eyni ssenari üzrə quraşdırılıb. Cəmiyyətlə heç bir rabitə və əlaqə yoxdur. Əvvəllər də olmayıb, indisə tamam kəsilib. Çox maraqlı bir sual var: bunlar hansı cəmiyyətdən danışır?
Birləşmək olar və lazımdır, amma…
Bir daha birləşmək ideyası gündəmə gəldi. Mən bunun əleyhinə deyiləm və düşünürəm ki, çox adam buna dəstək verər. Amma kiçik bir nüans var. Müxalifətin müxtəlif formatlarda təşkil etdiyi birliklər var. Bunlar da çox olub və mən onların hamısını yaxından müşahidə etmişəm. Bu tipli birliklərə yeni adamlar az gəlir, onlar daha çox elə müxalifətin öz adamlarından ibarət olur. Lakin indi spontan şəkildə iki qurum yaranıb və iki qurum fəaliyyət göstərir. Bunlardan biri Ictimai Palata, digəri isə Ziyalılar Forumudur. Bu təşkilatlar o qədər də eyniyyət kəsb etmirlər. Indi onları birləşdirən ümumi bir cəhət var. Bu da odur ki, onların hər ikisi hakimiyyətə qarşı kəskin mövqe tutub. Lakin onlar təşkilati baxımdan və tərkibcə eyni deyillər. Ola bilsin, elə adamlar var ki, onlar yalnız özlərinə məlum olan səbəblərdən bu təşkilatların ancaq birində olmağa üstünlük verirlər – burada səbəblər haqda danışmağa elə də ehtiyac yoxdur. Həm də təcrübə göstərir ki, müxtəlif beyin mərkəzlərindən idarə olunan proseslər daha effektli olur. Düzdür, 70 il bizim beynimizə elə “bir olmaq”, “birlik” haqda “ideyalar” yeridiblər. Ona görə də biz “birlik” kimi sözləri və ideyaları çox sevirik. Bizə elə gəlir ki, bütün problemlərimiz də elə bir ola bilməməkdən irəli gəlir. Amma mən yaxından – Rusiyadan bir misal çəkmək istəyirəm. Proseslər göstərdi ki, heç kim “Putindən sonrakı dövr”lə bağlı konkret təsəvvürə malik deyil. Indi neçə illərdir bizim də birliyimiz ona görə alınmır ki, bir suala cavab verə bilmirik: birləşib nə edəcəyik?!