Heyrətlənməmək mümkün deyil! Öfkələnməmək əldə deyil! Hələ də bir çoxları çıxıb zərrəcə vicdanı sızlamadan Azərbaycanda dəyişikliklərin islahatlar yolu ilə baş verməsini arzuladığını söyləyə bilirsə…
Hələ də bir çoxları bu ölkənin uyğarlığa, çağdaşlığa sivil siyasi mübarizə yolu ilə qovuşacağına inamını qoruyursa…
Hələ də bir çoxları Ilham Əliyevdən əlini tamamən üzməyibsə…
Hələ də bir çoxları ondan demokratiya adına, insan hüquq və azadlıqları adına nəsə umursa, nəsə gözləyirsə, necə heyrətlənməyəsən ki?! Necə öfkələnməyəsən ki?!
Adam heç özü də bilmir ki, son bir ayda məlum və məşum iki işıqsöndürmə əməliyyatından sonra da islahat yolu ilə dəyişiklik arzularını və inamlarını qoruyub saxlayanlara nə desin, nə yazsın. Axı daha nə baş verməlidir ki, ölkəni necə islaholunmaz, çağdaşlıqla, modernizmlə, demokratiya ilə ən zərif bir bağlılıq teli olmayan rejimin idarə etdiyinə zərrəcə şübhə etməyəsən, ondan bütün gözləntilərini, ümidlərini kəsəsən?
Doğrudanmı, belələrinə hələ də aydın deyil ki, biz nə qədər qəddar, nə qədər kütbeyin bir sistemlə qarşı-qarşıyayıq?
Doğrudanmı, görmürsünüz ki, bunlar hətta ümumi, mücərrəd tənqidləri belə, artıq həzm etmirlər, artıq bir vaxtlar “konstruktiv müxalifət”ə tanıdıqları “icazəli cəsarət”i belə, onların əlindən alıblar, artıq onlardan da birmənalı olaraq tərif, tərif, yenə də tərif tələb edilir?
Görmürsünüzmü, hakimiyyət uğrunda mübarizə aparmadıqlarını, sadəcə, ölkənin dərd-sərlərini dartışıb çıxış yolları aradıqlarını deyən Ziyalılar Forumuna qarşı belə, nə qədər dözümsüz, nə qədər diletantdır bunlar?
Bunların bir tənqidçi qəzetin özünə ad günü keçirməsini belə, həzm etməyəcək qədər düşüncəsiz, zalım, darqafalı olduğunu görmürsünüzmü?
Bu cür çirkin bir rejimdən islahat gözləmək, dialoq istəmək, onunla sivil siyasi mübarizə təklif etmək üçün insan ya ağlını, məntiqini itirməlidir, ya da güclü yumor hissinə malik olmalı və çıxıb camaatla məzələndiyini deməlidir.
Qısası, vəziyyət bu qədər dözülməz həddə çatmışkən, rejimin ən kiçik tənqidə, ən xırda irada belə təhəmmülü qalmamışkən, hətta JEK-lərə, “uçastkovı”lara belə güldən ağır söz deyəni bağışlamazkən, çıxıb “islahatlar yolu ilə dəyişiklik”dən basıb-bağlamağın, özünü Fəzail Ağamalının yerinə qoymaqdan, xalqı isə barmağına dolamaqdan başqa adı yoxdur.
Daha bir mifin sonu
Öncə “Qızıl Tac” restoranında işıqları söndürtdürüb “Azadlıq” qəzetinə ad günü keçirməyə icazə vermədilər, sonra da “Hyatt Regency” otelinin işıqlarını söndürtdürüb Ziyalılar Forumunun toplantısını əngəllədilər.
Hər kəs bu iki rüsvayçılığı sadəcə, siyasi müstəvidə dartışdı. Baş verənlərin siyasi yönlərinə baş vurdu.
Oysa, ortada diqqətdən qaçan başqa bir önəmli məqam vardı. Həm “Qızıl Tac”, həm “Hyatt Regensy” özəl biznes obyektləridir. Və hakimiyyət onları öz siyasi maraqlarına alət etməklə əslində, bu ölkədə azad iqtisadiyyatdan laqqırtı vurmağın nə qədər komik olduğunu gözlər önünə sərdi.
Deməyim odur ki, bu olanlardan sonra recimin inadla yaratmağa çalışdığı daha bir mifin sonu gəlmişdir. Bundan sonra yalnız özünə hörməti olmayanlar, xalqa sayğısı qalmayanlar ölkədə azad iqtisadiyyatdan, müstəqil sahibkarlıqdan, sərbəst biznes mühiti olmasından üyüdüb tökə bilərlər.
Psevdoyazıçılar niyə susurlar?
“Altmışıncılar” heç vaxt olmadıqları qədər səssizdirlər. Bir ara yeni nəsil yazarlarını söymək, aşağılamaq üçün sinov gedərdilər, müsahibə dalınca müsahibə verərdilər, amma indi baxırıq ki, buna əvvəlki həvəsləri, şövqləri qalmayıb.
Məncə, bunun üç sadə səbəbi var:
BIR: “Ümummilli lider” nağılının işləmədiyi ölkədə “xalq yazıçısı” mifinin ümumiyyətlə yeriməməyə başlaması;
IKI: Yalnız ədəbi həqiqətin yox, ictimai və siyasi həqiqətlərin də onlara qarşı çevrilməsi;
ÜÇ: Bir-birinin ardınca nəşr olunan uğurlu romanlardan sonra ən sevimli “arqumentlərinin” – “Onlar nə yazıblar axı? Hələ gedib bizim yazdıqlarımızın yarısını yazsınlar, sonra danışsınlar”, – əllərindən çıxması.