Gerçək urfaşizm

Ölkəmizin müdrik-müdrik alimləri, deputatları, qəzetçiləri, yazıçıları, siyasətçiləri, gəncləri, dinçiləri 54 nəfərin imzaladığı bəyanatdan bərk şoka düşüb. Əksəriyyəti də, özünü demokrat və mütərəqqi dəyərlərə bağlı sayan adamlardır. Maraqlıdır ki, Iran ayatullası onların həmvətəni barədə ölüm hökmü verəndə, bu ölümü görüb təhqiramiz sevincini bizə çatdıranda belə həyəcanı görmədik. Bu ki, ölüm fətvası deyil, bu ki sadəcə olaraq kimlərinsə öz fikrinin ifadəsidir. Kim deyir ki, oradakı fikirləri bölüşün və bəyənin, bəs oradakı narahatçılığı da duymadınızmı? Niyyətin nə olduğunu görmədinizmi? Bəs söz azadlığına sayğınız harada qaldı? Bəs dinin tənqid edilməsinin mümkünlüyünün fundamental hüquq olduğunu, demokratiyanın əsas prinsiplərindən olduğunu niyə unutdunuz? 

Inanc inamdır. Kimsə inanacaq, kimsə inanmayacaq. Hər ikisi hüquqla qorunur və toxunulmaz hüquqdur. Hər kəsin də öz fikrində və inancında qalmaq hüququ var…
Lap tutaq ki, həmin bəyanatı çap etmədən təkzib edirsiniz, bunu anladıq. Bəs bunu missionerlik, iqtidarın oyunu saymaq, nəhayət imzalayanların sayını hay-həşirlə azaldaraq, onları təkləmək, düşmən obrazına mindirmək cəhdi nədir? Ironik 54-lər ifadəsi nə deməkdir? Indiyəcən Zamin Hacının imzasının ifadə etdiyi düzlüyün arxasında gizlənən insanlar, bu hay-həşirdən sonra onun yeni yazısını oxuyub “Dağ çayının kənarında, seyrək ağaclarla dövrələnmiş bir daxma ola, gedib yaşayasan…” cümləsini oxuyub hansı hisləri keçirdi?
Bəli. Öz həyatı konspiroloji ittihamlara bürünmüş, amma hər zaman, hətta gizlənəndə də haqqını müdafiə etdiyimiz siyasətçi bizlərə kosnpiroloji damğa atır. Hər ay oğru iqtidarımızın islahatlara başlaması haqda yalançı xəbərləri yayanlar insanları islahatları, demokratiyanı gündəmdən çıxarmaqda ittiham edir. Ilham Əliyevin Dubay mülklərini Qarabağ dərdi ilə pərdələyənlər, dar günündə köməyə çatanlar dindən, imandan danışır. Haram yeyənləri, ölkəni talayanları müdafiə edən deputat topluma dindarlıq dərsi verir. Elə bu halda dağ çayının kənarındakı daxma yada düşməzmi?
Bəzilərinin ürəyi gedib ki, niyə sözügedən bəyanatda Rafiq Tağının qətlini Irana yönəldiblər. Bəs siz haradan bilirsiniz ki, elə deyil? Buyurun, siz də öz fikrinizi yazın. Rafiq Tağının Ilham Əliyev barədə “Laplandiya” hekayəsini əsas götürürsünüzsə, buyurun, yayaq və deyək ki, yazıçını hakimiyyət öldürtdürüb. Ortaya çıxacaqsınızmı? Amma onsuz da bu fikirlərin heç biri məhkəmə hökmü deyil. Bu halda, kiminsə fərqli fikirdə olması beləmi ağrılıdır? Şəxsən mən qətldən dərhal sonra yazmışdım ki, Iranın nəyə qadir olduğunu bilirik, amma bizim hakimiyyət də mələk deyil, ondan da şübhələnməyimizə ciddi əsas var. Amma ay müdrik insanlar, bu qətli üçüncü, dördüncü də törətsə, bunu həmin Iran ayatullasının fətvası sayəsində, kölgəsində, onunla pərdələnərək törədiblər. Deməli, bütün hallarda o fətva qətlin məsuliyyətini daşıyır. Bunu anlamaq çətin deyil axı?! Deməli, o fətva qorxusu doğrudan da var bu ölkədə və insanların harayını anlamaq lazımdır.
Mən də deyilən bəyanatdakı fikirlərin bəzilərini qəbul etmirəm, amma o fikirləri qəbul edənlərə isə hörmətlə yanaşıram. Onların narahatçılığını və harayını tam bölüşürəm. Kimsə deyir ki, bu ölkədə dini zəmində insanlara təhlükə yoxdur, qoy imzasından imtina edənlərin məhz qorxudan bu addımı atdıqlarını nəzərə alsınlar. Azərbaycanın oğru və cinayətkar hakimiyyətinin yanlışı və zülmü səbəbindən Iran despotizmi artıq bu ölkədə beşinci təkərini yaradıb. Bunu da danacaqsınız? Bəlkə Sabir Rüstəmxanlı haqda fətvanı da unutdunuz? O zaman susmağınızı da?
Indi isə 54 nəfəri düşmən etmək, təkləmək yolunu tutub, hücuma keçirlər. Bu, mənəvi terrordur. Çünki bütün cəmiyyəti 54 nəfərə qarşı qaldırmaq cəhdi əsl urfaşizmdir. Dünənəcən, ateist insanların partiyasına keçməsinə sevinənlər susurlar. Iqtidardan fərqli olaraq bütün vətəndaşların haqqını müdafiə edəcəklərinə söz verənlər tamaşa edirlər.
Unutmayın ki, istər dindar olsun, istər ateist, hər kəs qanun qarşısında bərabərdir, heç kim fikrinə və inancına görə, yaxud ateist olduğuna görə düşmən elan edilə bilməz. Ölkəyə yeni növ totalitarizm, yeni tabular gətirməyin.
P.S. Xahiş edirəm, yazımı heç bir sayt paylaşmasın.