“Avropa, bizi Iran olmağa qoyma” II yazı

“Bütün yollar Romaya aparır”,- bu, qədim Romalıların deyimidi. Romada demokratiya vardı. O zaman dünyanın bütün yollarının Romaya getməsi çox gözəl başlanğıc sayıla bilərdi. Indi isə demokratiya Romada deyil, Romanın deyil, bütün dünyanındı və deməli, dünya bu gün özünə sarı gedir. Nə Romaya, Nə Irana – Ədalətə doğru! 

Şeytana, şərə, həm də dinlərin buyurduğu mifik Şərə deyil, canlılarına – dünyanı, insanlığı, humanzimi öz qanlı pəncəsinə alıb didişdirən, qanını axıdan diktatorlara, avtoritar dövlət başçılarına, totalitar ideya-təlim liderlərinə qulluq etməyib, ədalətə doğru gedənlərin – istər dindar, istər ateist olsun – inancına hörmətlə yanaşmaq varkən, nədən bölücülüyə yol verməli? Bir-birini didənləri anlamaq olmur – məqsəd ədalətmi, ya ona gedən yolmu? Axı bütün yollar ədalətə aparırsa və aparmalısa, sorun nəymiş? Dinlərin, siyasi təlimlərin hər birinin mayasında ədalət durur. Yarımçıq ədalətlə (bəziləri buna insaf da deyir) haraya qədər?
Bir az daha geniş miqyasda düşünə bilsək, öz inanclarımızın çox vaxt dar olan çevrəsinə qısılıb başqalarını dışlamasaq, daşlamasaq… Olmazmı? Nədən hər kəs ədalətə gedən yolda irəliyə aparan gücü başqa yollara və o yolların yolçularına nifrətdən alsın? Bunun özü inancın yarımçıqlığı deyilmi? Özgə yoluna nifrətdənsə öz yoluna sevgi daha etibarlı olmazmı, ağalar?
Sanki tərəflər and içib – bizdən olmayan insanlıqdan belə deyil. Ay qardaş, anti-bəşəri rejimlərə kölə olmayan, məramları yalnız ədalət və azadlıq olan ateistlə dindarı ayıran nə bölünməz şey var axı? Allahmı? O, varsa görür, yoxsa, siz görün. Qoy hətta kimsə Onu yox saysın, ama Onun istədiyi üçün çalışsın. Qoy biri Yaradana inanmadan insanlığı düşünsün, biri inanaraq. Nəticə eyni deyilmi? Yaradan yaratdıqlarının uğuruna sevinməkdən başqa nə istəyir ki? Insanın zorla ateizmə, zorla dinə cəlb edilməsi eyni dərəcədə qüsurlu yanaşmadır və düşüncə özgürlüyünə, deməli, haqqa düşmənçilikdir. Istənilən zor meylləri isə bizim ədalətə doğru yolumuzun üstündə iri bir daşdır və biz inancımızdan asılı olmayaraq bu daşların təmizlənməsi ilə məşğul olmalıyıq.
Bu gün istər-istəməz Rafiq Tağının ölümündən sonra dartışmaların içinə bir ad girir – Hacı Ilqar Ibrahimoğlu. Sanki bu ad hadisədə əsas düyün nöqtəsiymiş. Yanılmıramsa, bu, Ilqar bəyin prinsipial yanaşmalarının bəhrəsidir. O, hakimiyyətin əlində alət olan dindarlardan fərqli olaraq ictimai-siyasi proseslərə öz mövqeyini sərgiləyir. Rafiq Tağının “Sənət” qəzetindən başlayan qalmaqalında da prinsipial yanaşma sərgiləyib. Bu yanaşmanın nə dərəcədə həqiqət olması ayrı söhbətdi və o da hər kəs kimi öz həqiqətinə inanır. Rafiq Tağıya sayqısı yoxdu, bunu “lent.az”a müsahibəsində belə əsaslandırır: “Inancıma, duyğularıma həqarət etmiş şəxsə sayğı göstərmək gözləntisini anlaya bilmirəm. Insanlardan onların inancına qarşı həqarət etmiş şəxslərə sayğı tələb etmək qeyri-rasionaldır”.
Adi şəxs üçün normal məntiqdi. Bəs normal məntiqdən uca – Rafiq Əliyev-Zadə məntiqi? Ictimailəşmiş kimliyin məntiqi? Ilahi məntiq? Və adi məntiqin fövqündə durmaq mümkün ikən, şəxsi duyğularını kənara qoyaraq, inancı ani də olsa bir yana buraxıb, qarşıdakının ziyalı və insani kimliyinə sayğı göstərməklə cəmiyyətdəki qütbləşmənin qarşısını almaq daha məqbul olmazdımı? Axı Rafiq Tağı da bütün həyat fəaliyyəti ilə şərə qarşı durub və deməli, Ilqar bəyin duyğu və inanclarının bir hissəsinə çox yaxın olub. Indi əksini təsəvvür eləyək: sabah, iraq olsun, dini inanclı bir ziyalını qətlə yetirirlər. O dindar öz inancı ilə ateistlərin qətiyyən sevimlisi ola bilməz. Ama ictimai-siyasi fəaliyyəti ilə o, istibdada, şər rejiminə qarşı durubsa, bir ateist ona sayğı duruşuna qalxmayacaqsa… Naqis… naqis… naqis…
Ilqar bəy Rafiq Tağıya münasibətini gizlətmir, öz duyğularının hüdudunu aşmaq ona çətin gəlir və mən ədalət naminə bunu da deməliyəm: yazıqlar olsun ki, mərhum Rafiq bəy də ona eyni duyğuları bəsləyirdi. Mən buxarlanmaqda olan 54 imzanın bəyanatıyla bağlı fikirlərimi III yazıya saxlayıb, burada sadəcə bir-birini ziyalı saymayan hər iki ziyalı haqda təəssüflə düşünürəm. Yol davası bizi yolun başına çatmağa qoymur ki, qoymur…