Müzəffər Baxışov: «Bu iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmır»
Yanvarın 2-də yazıçı-publisist Rafiq Tağının ölümündən 40 gün keçdi. Bu müddət ərzində rəsmi istintaq qətlin sifariş və icraçılarının müəyyən edilməsi istiqamətində heç bir addım atmayıb.
Halbuki qırx gün bir cinayətin üstünün açılması, ən azı, qətllə bağlı ilkin nəticələrin əldə edilməsi üçün kifayət qədər böyük bir müddətdir. Onu da nəzərə almaq lazımdır ki, hadisənin törədildiyi yerdə bir neçə müşahidə kamerası, həmçinin qatilin görüntüsünü kamera yaddaşında saxladığı bildirilən bankomat var. Bütün bunlara baxmayaraq hakimiyyət öz ənənəsindən kənara çıxmayaraq Rafiq Tağının işini də özünün “açılmayan cinayətlər” silsiləsinə daxil etdi. Adətən Azərbaycanda o cinayətlərin üstü açılmır ki, həmin işlərdə hökumətin müəyyən maraqları var. Yəqin R.Tağı ilə bağlı oxşar vəziyyət yaranıb deyə, qatil bugünə qədər azadlıqda gəzir.
Hüquqşünas Müzəffər Baxışov R.Tağının işi üzrə obyektiv və hərtərəfli araşdırmanın aparıldığına inanmadığını deyir: “Hətta istintaq orqanı bu qətlin kimin tərəfindən törədildiyini, onun arxasında kimlərin dayandığını müəyyən etsə də, bu məlumatlar ictimaiyyətə açıqlanmayacaq. Ötən 40 gün mənim bu dediklərimi bir daha sübut etdi. Rafiq Tağının qətli elə bir yerdə həyata keçirilmişdi ki, onu vaxtında isti izlərlə açmaq mümkün idi. Amma indiyə kimi ortada heç bir nəticə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları elə bir vəziyyətdədir ki, bu qətlin açılması barədə sifariş alsalar, dərhal bunu yerinə yetirəcəklər. Qətl açılmasa da, sübutları saxtalaşdırmaq yoluyla ictimaiyyətə istədikləri məlumatı verəcəklər. Azərbaycan məhkəmələri də həmin saxta sübutlar əsasında ittihamedici hökm çıxaracaq. Bu, təhlükəli tendensiya olsa da, Azərbaycan reallığıdır”.