Bayram günlərində Sabirabadda xaos yaşanıb

Polis bayramı qarşılayan gəncləri və onların valideynlərini döydü; xəstəxanalıq olanlar var

31 dekabrda Sabirabad şəhərində ciddi insident baş verib. Həmin gün axşam gəzintiyə çıxan, şənlənib istirahət etmək istəyən gənclər saat 20 radələrində “Bələdiyyə parkı” adlanan yerdə polislə toqquşublar. Parkın ətrafında maşınlarını saxlayan gənclərə polis etiraz ediblər. Onlar dap öz növbələrində polislərə izah etməyə çalışıblar ki, avtomobilləri icazə verilməyən yerdə saxlamayıblar. Buna baxmayaraq, polis gənclərə kobud rəftarla cavab verib. Etirazçı gəncləri tutaraq polis şöbəsinə aparıblar.

Rəis müavini vətəndaşla söyüş və yumruqla danışır

Gənclərin valideynləri və qohumları şöbəyə gedib məsələnin nə yerdə olduğunu araşdırmaq istədikdə, polislər onlarla da qaba davranıb. Sənan adlı bacısı oğlundan ötrü şöbəyə gələn şəhər sakini Dilavər Babaşov da Sabirabad Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rauf Məcidovun son dərəcə kobud rəftarıyla üzləşib, onun dilindən küçə söyüşlərini eşitmək məcburiyyətində qalıb.
Qeyd edək ki, həmin gün şöbənin rəisi rayonda olmadığından onun səlahiyyətlərini əməliyyat işləri üzrə müavin olan Rauf Məcidov icra edirmiş. Dilavər Babaşov rəis müavininin bu cür hərəkətinə etiraz edəndə Məcidov söyüşdən yumruğa keçib və Babaşovu döyməyə başlayıb. Rəis müavininin ürəyi bununla da soyumayıb. Dilavər Babaşovu bir otağa salıblar və orada onu dəyənəklə vəhşicəsinə döyüblər.
Həmin vaxt polislərlə təmasda olan vətəndaşların sözlərinə görə, onların əksəriyyəti (hətta rəhbərlik də) sərxoş vəziyyətdə olub.

Əhalini bayram keçirməyə qoymadılar

Bu hadisədən sonra polislər Sabirabad şəhərindəki bütün ərazilərdə toplaşan əhalini dağıtmağa başlayıb. Hiddətlənən əhali isə dağılmaq istəməyib. Etirazın geniş vüsət alacağından və daha çox kütlənin etiraz etməsindən qorxuya düşərək Saatlı polisindən də əlavə qüvvələr köməyə çağırılıb. Tuthatut gecə yarısına qədər davam edib.
Dilavər Babaşov isə polislərdən canını qurtaran kimi həkim müayinəsindən keçib və rayon prokurorluğuna şikayət edib. Həkimlər onun aldığı xəsarətlərin ciddi olduğunu nəzərə alaraq, ona xəstəxana şəraitində müalicə almağı tövsiyə ediblər. O, hələ də Şirvan şəhər mərkəzi xəstəxanasında müalicə olunur.

Informasiya şöbəsi