Keçmiş baş nazirin kamerasında daimi işıqlar yanır
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsxana kamerasında işıq sutkada 24 saat yanır, keçmiş baş nazirin bütün hərəkətləri monitorla izlənir. Timoşenkonun saxlandığı bu şəraiti onun vəkilləri psixoloji təzyiq hesab edirlər.
Vəkillərin birgə bəyanatında deyilir ki, hakimiyyət Timoşenkonu mənəvi və fiziki cəhətdən sındırmaq istəyir.
51 yaşlı Timoşenko Xarkovdakı yeni həbsxanaya dekabrın 30-da köçürülüb.
Yeni həbsxana şəraitini bu həbsxananın rəsmiləri də təsdiqləyirlər. Ancaq bildirirlər ki, bu, Timoşenkonun təhlükəsizliyi üçün edilib.
Həbsxana rəisi İvan Pervuşkin deyir: “Video nəzarət qanunla qadağan deyil. Daimi video monitorinq üçünsə otaqda işıq kifayət qədər çox olmalıdır”.
Ukraynada Hökmlərin İcrası Xidməti Timoşenkonun saxlandığı kameranın fotosunu da yayıb.
Timoşenkonun vəkili Serhij Vlasenko bu şəraiti qeyri-insani adlandırır:
“İşıqlardan biri düz çarpayının üstə düşür. Burda Timoşenko yatır. Kameranın nəzarətində, üzünə işıq düşə-düşə normal yatmaq mümkün deyil. Üstəlik burda tibbi yardım da yoxdur. Burda bircə məqsəd var: Timoşenkonu sındırmaq”.
Timoşenko 7 il həbsə məhkum olunub. O, Rusiya ilə qaz sazişi imzalaynda səlahiyyətlərini aşmaqda ittiham olunub.
ABŞ və Avropa Birliyi bu həbsi siyasi motivli hesab edir.