Hacıqabulda daha bir dəhşətli qəza: 3 ölü, 1 yaralı

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində çoxsaylı insan ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. “MAN”, “QAZ-2931” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticədə 3 nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yevlax sakini Səftər Bayraməliyevin idarə etdiyi “MAN” markalı yük maşını Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən Ağsu sakini Talıbov Kamil Şamil oğlunun idarə etdiyi “QAZ-2931” markalı 24 BA 141 dövlət nömrə nişanlı avtomobil yola sol tərəfdən çıxaraq yük maşınının sürücüsünü çaşdırıb. Nəticədə yük maşını həm sağ tərəfdən yola çıxan Hacıqabul rayonunun Padar kənd sakini Həsənov Kazım Mikayıl oğlunun idarə etdiyi “VAZ-2106” markalı 24 BB 461 dövlət nömrə nişanlı avtomobili ilə, həm də “QAZ-2931” avtomobili ilə toqquşub. Nəticədə “QAZ-2931”-in sürücüsü, “VAZ-2106”-nın sürücüsü və sərnişini, Ağsu rayonun Padarqışlaq kənd sakini Müzəffərov Vüqar Qaroğlan oğlu hadisə yerində ölüblər. Faktla bağlı BDYP-də araşdırma aparır.

Qeyd edək ki, bu, 2012-ci ilin əvvəlindən bəri Bakı-Qazax yolunun Hacıqabul-Kürdəmir hissəsində baş verən üçüncü qəzadır. Bu qəzalar artıq 8 nəfərin həyatına son qoyub. Yerli sakinlər də, yoldan istifadə edən sürücülər də yolun çox təhlükəli olmasından şikayətlənir. Ensiz yolda avtomobillərin intensiv və sürətli hərəkəti burada tez-tez qəzaların baş verməsinə səbəb olur.