Asiya kapitalizmi və ya Bill Qeytsin yazmadıqları

Indi elə məqamdır ki, insanlar ilə də şübhəylə yanaşır. Bu ildən nə gözlənilir? Bu suala indi heç kim birmənalı cavab verə bilməz. Bəli, demək olar ki, bu il böyük seçkilər ilidir və onların hamısının bilavasitə olmasa da, dolayı yolla bizim siyasi həyatımıza təsiri var.
“Siyasətli həyat” dedim, yadıma agentliklər düşdü. Hamı ilk xəbəri onlardan gözləyir, çünki onların da işi xəbər istehsal etməkdir. Onların da ilk xəbəri Suriya haqda oldu. Bəli, ötən ilin sonunda bu ölkə “dəmir pərdələri” azacıq da olsa, qaldırmağa icazə verdi, ilk müşahidə korpusunu ölkəyə buraxmağa razı oldu. Indi deyirlər ki, tanklar və toplar, bir sözlə, ağır silahlar şəhərlərdən çıxarılır, artıq 4000-ə yaxın siyasi məhbus azad edilib. Amma Bəşər Əsəd də hələ öz yerindədir. Nə isə… Bu mövzu hələ bir müddət “su” aparacaq. Amma bəzi ərəb diktatorları da çox dirəniş göstərdi. Sonu nə oldu? Ola bilsin ki, Əsəd də Yəmən prezidenti Saleh kimi özü üçün təminatlar istəyir. Onsuz da sonluq bu olacaq. Gec-tez o, bunu dilə gətirib imdad istəyəcək. Bundan ötrü bu qədər qan tökməyə dəyərdimi? Doğrudan da, süngü üstündə oturrmaq mümkün deyil!..
Ruslardan da bir xəbər-ətər yoxdur, sanki müxalifət məşq edirdi – iki aksiya keçirdi və siyasətə yeni bir adam çıxardı, bununla da iş bitdi. Gözləyək, görək, nə olur! Onsuz da bu ilin birinci rübü Rusiyada siyasi fəallıq ili olacaq.
Azərbaycana gəldikdə isə… O qədər çətin məsələdir ki, adam birmənalı söz deməyə çətinlik çəkir. Mən bu haqda qısaca söhbəti iki hissəyə bölərdim…
Ədalətsiz ölkə və ədalətli dünya uğrunda
Indi Azərbaycan BMT Təhlükəsizlik Şurasında işinə başlayır. Bununla bağlı nə demək olar? Ötən dəfə I.Əliyev dedi ki, bizə səs verən dost ölkələr peşman olmayacaq, onlar görəcək ki, biz hüquq və ədalət tərəfdarıyıq! Olsun! Amma kaş yerli insanlar da YAP-ın öz adına çıxdığı səslərinə görə peşman olmayaydılar! Mən ona görə “öz adına çıxdığı səslərə görə” deyirəm ki, kimi dindirirsən, bu partiya üzvlərinə və tərəfdarlarına səs vermədiyini deyir! Nə isə… Qayıdaq mətləbə!
Qərəz, səs verdik, vermədik, YAP onsuz da bizim səslərimizin hamısını özü mənimsəyir, öz hesabına yazır. Heç olmasa, bunun müqabilində ölkədə də bir qayda-qanun yaratsaydılar, ölkənin içində də hüquq və ədalət tərəfdarı olduqlarını nümayiş etdirsəydilər, çox yaxşı olardı. Ədaləti əvvəlcə ölkənin içində bərqərar etmək lazımdır… Bunlar tərsinə edir, ölkədə ədalətsizlik baş alıb getdiyi halda, dünyada ədalət axtarırlar! Səbəb aydındır: dünyada ədalət bunların özü üçün, ölkədəki ədalətsizlik isə bizim üçündür… Daha nə demək olar? Bunlara ədalətsiz ölkə və ədalətli dünya uğrunda iki illik mücadilədə o ki var “uğur” arzulayıram…
Bill Qeyts bu haqda niyə yazmamışdı?
Bir-iki il bundan əvvəl Bill Qeytsin “Işıq sürətilə biznes” kitabı çıxmışdı. Bir məsələ təəccüblü idi. Bill Qeyts yalnız biznes haqda yazmışdı. Amma çox az müddət keçdi ki, internet bütün sferalara, o cümlədən də əlahəzrət siyasətə sirayət etdi. Indi mən bu vaxta qədər yazılanları və deyilənləri təkrar etmək istəmirəm, onsuz da hər şey hamıya çox yaxşı məlumdur. Üç amil haqda bir qısa sətir yazmaq istəyirəm: bunları siyasətdə dil, sürət və nəsil problemləri hesab etmək olar.
Əvvəlcə sürət haqda. Bir dəfə bir müxalifətçi dostum belə giley etdi ki, tədbirlərə cəlb etmək üçün fəallar tapa bilmirik. Mən buna heç də təəccüblənmədim, çünki indi vaxt yalnız işləmək üçündür! B.Franklin bir vaxt yazanda ki, vaxt pul deməkdir, görünür, səhv etməyib. Sovetin çağında iş, əmək icbari idi, hamı “reqlament”də nəzərdə tutulmuş 8 saatlıq iş vaxtını birtəhər başa vurub, özünün əsl işinin ardınca qaçırdı. Indisə iş stimuldur və ən azı, yaxın onilliklərdə teatrlarda anşlaq, qəzet, kitab köşklərinin önündə növbə olmayacaq. Üstəlik, siyasətin yaş tərkibi və dili də dəyişir, indi qısa cümlələrlə siyasi çağırışlar etmək dəbə düşür. Gərək, bunlar nəzərə alınsın, çünki bunu ölkədə bərqərar olan Asiya kapitalizmi tələb edir – burada hələ sosial hüquqlardan danışmırlar…