ABŞ-İran qarşıdurması güclənir

Tehran Vaşinqtonu, Vaşinqton Tehranı hədələyir

İrana yönəlik sanksiyalar ölkədə maliyyə böhranı yaradıb

İranın Hörmüz boğazında 10 günlük hərbi təlim keçirməsi onsuz da bölgədə həssas olan yeni müharibə ocağında gərginliyi artırıb. Tehranın hərbi təlimlər zamanı uzunmənzilli raketləri sınaqdan keçirməsi başda ABŞ olmaqla İsrail və digər müttəfiqlərinin qəzəbinə səbəb olub. On günlük təlimlər ərzində İran rəsmiləri Qərb ölkələri üçün mühüm enerji dəhlizi hesab olunan Hörmüz boğazını bağlamlaqla təhdid etməkdən belə çəkinmədi. ABŞ İranın əzələ nümayişinə cavab olaraq Bahreyndəki 5-ci Hərbi Dəniz Donanmasına aid 2 hərbi gəmini təlimlərin keçirildiyi Hörmüz boğazına yollamışdı.

İran da öz növbəsində bu hadisədən sonra ABŞ-a xəbərdarlıq ünvanlayıb. İran ordusunun baş komandanı Ataolla Salehi bildirib ki, ABŞ-a məxsus təyyarə gəmisi Fars körfəzinə gələcəyi təqdirdə aviazərbələrə məruz qalacaq. Salehi ölkəsinin ABŞ-son dəfə ultimatum göndərdiyini ikinci dəfə xəbərdarlıq olunmayacağını deyib.
Salehi bu bəyanatını ongünlük hərbi təlimlərin yekununda səsləndirib, elə ABŞ-a məxsus hərbi gəmi də həmin vaxt aşkar edilib. Ataolla gəminin adını çəkməyib, lakin o qeyd edib ki, İranın təlimlərinə görə ABŞ-ın təyyarə gəmisi Oman körfəzini tərk etməli olub.

ABŞ Müdafiə Nazirliyi iranlı komandanın hədələrinə cavab verib. Pentaqon nümayəndəsi Corc Littl bildirib ki, ABŞ hərbi qüvvələri son on il ərzində olduğu kimi Fars Körfəzində qüvvələrini cəmləşdirməkdə davam edəcək: “ABŞ-ın əsas vəzifəsi Hörmüz boğazından təhlükəsiz keçidə qarantiya verməkdir”. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bəyan edib ki, İranın yeni hədələri bu ölkəyə tətbiq olunan sanksiyaların özünü doğrultduğunu göstərir.

Bu arada ABŞ-ın sanksiyaları nəticəsində İranın milli valyutası – rialın sürətlə dəyərdən düşdüyü məlum olub. “MİGnews.com”un məlumatına görə, Tehrandakı valyutadəyişmə məntəqələrində bir dollar 17 min riala dəyişdirilir. Bu, ötən ilin son hərrac günü ilə müqayisədə 10 faiz artıqdır. İran rialının zəifləməsinin əsas səbəbi ABŞ-ın iqtisadi sanksiyalarının yeni kompleksidir. Bu sanksiyalar İranın mərkəzi bankı ilə əməkdaşlıq etdiyi maliyyə institutlarına qarşı yönəlib. Avropanın İran neftini almaqdan imtina etməsi ehtimalı da əlavə risk hesab olunur. Bu barədə qərarın həftə ərzində qəbul olunacağı gözlənilir.

Bununla yanaşı Fransa İrana qarşı sanksiyaların sərtləşdirilməsi təklifi ilə çıxış edib. Xarici işlər naziri Alen Jüpe avropalı müttəfiqlərini ABŞ-ın nümunəsinə riayət edərək, bu ayın sonunadək İrana qarşı sanksiyaların sərtləşdirilməsinə razılaşmağa çağırıb. Jüpe yerli telekanala müsahibəsində həmçinin Fransa prezidenti Nikolya Sarkozinin 2011-ci ilin noyabrında irəli sürdüyü təklifləri də həyata keçirməyə çağırıb:“Fransa sanksiyaların sərtləşdirilməsində təkid edir və prezident Nikolya Sarkozi bununla bağlı konkret təkliflər irəli sürüb. Birincisi, İranın mərkəzi bankının aktivləri dondurulmalıdır. İkincisi, İran neftinin ixracına embarqo qoyulmalıdır”.
 
ABŞ isə artıq yeni sərt sanksiyaların tətbiqinə başlayıb. Ağ evdən bildirilib ki, yanvarın 30-dək Avropa ölkələrinin də analoji addım atması ABŞ-la Avropa Birliyinin siyasi bağlarının nə qədər sıx olduğunun göstəricisi olacaq. ABŞ prezidenti Barak Obama İrana qarşı sözügedən sanksiyaların tətbiqinə dair qanunu yanvarın 1-də imzalayıb.

Avropa Birliyi də İrana qarşı sanksiyaları daha da genişləndirməyi planlaşdırır. Qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəliyinin rəsmisi Maykl Mann bildirib ki, məsələnin Avropa Birliyinin yanvarın 30-da keçirilməsi planlaşdırılan zirvə toplantısına qədər həllini tapması gözlənilir.

Xatırladaq ki, İrana qarşı sanksiyalar onun nüvə proqramının dayandırılmasına yönəlib. İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bəyan edir və sanksiyaların sərtləşdiriləcəyi təqdirdə dünyada dənizlə neft daşınmasının 1/3-nin həyata keçirildiyi Hörmüz boğazını bağlayacağı ilə hədələyir.

İnformasiya şöbəsi