Əsədə bağlı güclərin hədəfə alınması gündəmə gəlir
Ərəb Ölkələri Liqasının məsləhətçi orqanı olan Ərəb parlament birliyi bütün müşahidəçilərin Suriyadan geri çağrılmasına səsləyib. Ərəb parlament birliyinin sədri Səlim əl Debaş bildirib ki, təşkilatın müşahidəçi qruplarının Suriyada olmasına baxmayaraq bu ölkədə zorakılıq davam edir. Bu isə ərəb dünyasının qəzəbinə səbəb olur və missiyanın gəlişi ilə bağlı ilkin məqsədə ziddir. Müşahidəçilər artıq bir həftədir Suriyadadır və bu müddət ərzində Bəşər Əsədin istefasını tələb edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 24 uşaq daxil olmaqla 315 nəfərin öldürüldüyü bildirilir.
Debaş Əsəd rejiminin Ərəb Ölkələri Liqasının gözləri önündə insanlıqdan kənar hərəkətllərini davam etdirmək üçün ərəb müşahidəçiləri “gözdən pərdə asmaq” kimi istifadə etdiyini bildirib. Ərəb Parlamenti liqanın baş katibi Nabil əl Ərəbiyə də müşahidəçilərin təcili olaraq geri çağırılması haqqında bir qərar qəbul etmələri üçün təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin toplantı keçirməsini istəyib.
Ekspertlərin fikrincə, Ərəb Ölkələri Liqası parlamentinin belə bir çağırış etməsi onu göstərir ki, Əsəd rejimi beynəlxalq birliyin çağırış və tələblərinə məhəl qoymaq fikrində deyil. Suriya hakimiyyəti ölkədə yaşanan böhranın aradan qaldırılmasında maraqlı görünmür. Ərəb Ölkələri Liqasının yaxın günlərdə Əsəd rejiminə qarşı daha sərt addımların atılması tələbiylə BMT TŞ-na müraciət ünvanlayacağı gözlənilir. Ekspertlər hesab edir ki, yaxın həftələrdə BMT TŞ-nın qərarına uyğun olaraq Suriyada uçuşa qadağan zonanın yaradılması və dinc etirazçılara hücum edən Əsəd qüvvələrinə qarşı hava zərbələrinin endirilməsi məsələsi gündəmə gələ bilər.
Bu arada İsveçrə məhkəməsi bu ölkədəki vəkiliylə gorüşmək üçün Suriya diktatorunun yaxln qohumu Hafız Mahlufun viza tələbini rədd edib. Mahluf məhkəmədən özünə qarşı tətbiq olunan sanksiyalardan yayınmağın yollarını müzakirə etmək üçün vəkiliylə görüşmək istəyib. Əlavə edək ki, 40 yaşlı polkovnik Mahluf Suriya kəşfiyyatının Dəməşq bürosunun rəhbəridir. Onun Bəşər Əsədin qardaşı Mahir Əsədə daha yaxın olduğu söylənilir.
İnformasiya şöbəsi