İyirmi dördünün Ictimaisi “Carçı”nın gözündə

Dekabr dolaşıq aydı. Qara günləri var, qırmızı günləri var. Azərbaycan televiziyalarının ad günü “təntənəsi”nin həftəsi çıxdı. Koreya “faciəsi” də arxada qaldı. Amma Koreyadakı yas mərasimindən, elliklə ağlaşmalardan, Azərbaycandakı bayramdan gördüyümüz görüntülər yaddaşımızdan silinmədi. Koreyalılar əməlli-başlı “xəstədilər”.
Qorxuram demokratiyanın əli yetməyə, biz də get-gedə tamam-kamal koreyalılaşaq. Koreyalılaşmamaq üçün öncə televiziyalarımızı AzTV-ləşməkdən qurtarmalıyıq. Heç olmasa adına Ictimai sözünü yazmağa əlim gəlməyən ITV-ni. Ilham Əliyevin ad günündə ITV özünə bir əl qatmışdı ki, AzTV-yə min rəhmət. Əslində ölkə başçısının yarım əsrlik yubileyi teleefirdə qeyd olunmalı hadisədir. Buna iradım yoxdur. Amma baxır necə?
Dekabrın 24-ünün “Carçı”sı bir ayrı tamaşaydı. Demə görmədim, AzTV-nin “Xəbərlər”i, amma daha zövqsüz, səliqəsiz formada. Prezidentin ad gününün həyəcanı aparıcını necə çaşdırmışdısa, proqram başlar-başlamaz sözünün-hərəkətinin nizamını itirdi. Efirə üçüncü getməli olan süjeti birinci elan elədi. Təbii, efir düzənləyiciləri bu çaşmaya hazır deyildilər. Hazır olsalar belə aparıcının diqtəsinə əməl etsəydilər aləm bir-birinə dəyərdi. Aparıcı bir qədər gözləyəndən sonra çaşdığını başa düşdü, düşcəyin də özünü lap itirdi. Xarici ölkə başçılarının ad günü münasibətilə Ilham Əliyevə ünvanladıqları təbrik mətnlərində bolluca çaşdı. Bir cümləni iki dəfə, sözləri ala-yarımçıq, təkrar-təkrar çeynədi. Daha maraqlısı ITV-nin xaricdən gələn ad günü təbriklərinə Fransa prezidenti Nikola Sarkozidən başlaması oldu. Sarkozi türkün ayağından çəkən birisidi. Sarkozi erməninin dostudur. “Düşmənimin düşməni mənim dostumdur”. Bəs “Düşmənimin dostu mənim nəyimdir”, deyəsən ITV-də bunu bilən yoxdur. ITV dünyanı Azərbaycana Sarkozinin təbrikiylə gətirdi. Ondan sonra Yanukoviçin görüntülü təbriki. Bu, əlbət, bizim Ukraynadakı səfirin işidir. Bəlkə də təbii sərvətlərimizə olan sevginin görüntülü izahı.
Təbriklərdən sonra “sayın yerli izləyicilər”imiz Əliyevin ad günüylə bağlı gərəkəni dedilər. Prezidentin ad günündə Ağcabədiyə səfəri ilə bağlı ITV hamıya eyni sözləri dedirtdi. Ağcabədi səfəri “xalqın” ürəyindəndi, bu addımı hər kəs alqışlayır, “prezidentini dəstəkləyir”. Bütün çıxışlar əslində həmin o son cümlələrin xatirinə deyilmiş sözlərdir. Daha sonra səkkiz illik prezidentliyin “uğurları” sadalandı. Və bəlli oldu ki, proqramın başlanğıcında aparıcı çaşıb həmin bu 10 dəqiqəlik süjeti elan edibmiş. Ondan sonra adına Qarabağ deyilən Ağcabədi “şou”su, dalıyca Xətaidə “Ağ şəhər”ə çevriləcək Qara şəhərdən hazırlanan süjet, köhnə bakılı Qusmanın “Hakimiyyətin formulu” verilişindən fraqmentlər və nəhayət, 50 metrlik, 12 tonluq Sumqayıt tortu. Eşitdiyimə görə, bütün saxta ətriyyatlar, yuyucu tozları, qadın corabları Sumqayıt sexlərində istehsal olunur. Sumqayıt müstəqillik illərində xloru və xlor satanları ilə tanınıb. Heç demə, Sumqayıtda tort da bişirilərmiş. ITV-yə inansaq, sumqayıtlılar tortdan dada bildiklərinə görə çox xoşbəxtdilər. Gəncəlilərin canı tort biabırçılığından yaman qurtardı, Sumqayıta hələ bu da azdır.
Bax beləcə, ITV ötən şənbənin əsas “Carçı”sının 40 dəqiqəsini prezidentinin yubileyinə həsr elədi. Veriliş bir saata yaxın çəkdi. Əslində uzağı cəmi 30 dəqiqə olmalıydı. Bir parça tort üçün əldən gedən tamaşaçıya bu ITV də azdır.