Naxçıvandakı dərəbəyliyə Bakıda etiraz

MR nümayəndəliyi qarşısında «Talıbova istefa!», «Rədd olsun, diktatura!» şüarlar (FOTO/VİDEO)

Naxçıvanda qondarma ittihamla həbs edilən və dəhşətli işgəncələrə məruz qalaraq reanimasiyaya düşən AXCP üzvü Zeynal Bağırzadənin başına gətirilənlərə etiraz əlaməti olaraq, dünən Bakıda – Muxtar Respublikanın paytaxtdakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.
Saat 12.00-a təyin olunan aksiya, təxminən 15 dəqiqə gec başladı. Hələ aksiyadan əvvəl Naxçıvanın Bakı nümayəndəliyinin ətrafındakı hər iki yol bağlanmışdı. Bir tərəfi Post-Patrul maşını kəsmişdi, o biri yola da kəsilmiş ağacları tökmüşdülər. Ərazidə hüquq-mühafizə orqanları əməkdaşlarının sayı da kifayət qədər çox idi. Buna baxmayaraq, aksiya iştirakçıları getdikcə ətrafdakı çayxanalarda toplaşırdılar.

Saat 12-ni az keçmişdi ki, AXCP-nin 30-a yaxın üzvü “Nərimanov” parkından çıxaraq, “Vasif Talıbova istefa!”, “Rədd olsun, diktatura!”, “Biz azadlıq istəyirik!”, “Azadlıq!” şüarlarını səsləndirə-səsləndirə nümayəndəliyə tərəf yürüş etdilər. Lakin bir qədər əvvəldə qeyd etdiyimiz kimi, nümayəndəliyi mühasirəyə alan polislər aksiya iştirakçılarının qarşısını kəsdilər. Yenə də etirazçılara qarşı zorakılığa əl atıldı. Polislər AXCP fəalı Orxan Carçını sürüyə-sürüyə polis maşınına mindirib Nərimanov rayon Polis Idarəsinə apardılar. Digər cəbhəçi Sahib Hüseynli də polis zorakılığına məruz qaldı.

Polis idarəsinə aparılan aksiya iştirakçıları arasında yuxarıda adlarını çəkdiyimiz cəbhəçilərlə yanaşı, AXCP sədrinin müavini Asəf Quliyev, partiya fəalları Yaşar Vəliyev və Zahid adlı daha bir nəfər də vardı.

AXCP sədrinin müşaviri Şakir Abbasov jurnalistlərə açıqlamasında bildirdi ki, cəbhədaşları Zeynal Bağırzadənin qanunsuz həbsi və işgəncələrə məruz qalmasıyla bağlı Naxçıvan nümayəndəliyinə etiraz bəyanatlarını vermək istəyirdi: “Ancaq polis buna imkan vermədi. Bizə bildirdilər ki, rəhbərliyə etiraz aksiyası barədə məlumat verilib”.
Xatırladaq ki, Zeynal Bağırzadəyə qarşı CM-nin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham irəli sürülüb.


Dünən aksiyada saxlanılanların hamısı günün ikinci yarısında azadlığa buraxılıb. Mitinq Komitəsinin rəhbəri Asəf Quliyevin verdiyi məlumata görə, aksiyanın məqsədi bütövlükdə Naxçıvanda insan haqlarının kobud şəkildə pozulmasına, Muxtar Respublikada hökm sürən dərəbəyliyə etiraz etmək idi.
Asəf Quliyev onu da əlavə edib ki, Naxçıvanda yaşanan özbaşınalıqlarla bağlı etiraz aksiyalarını davam etdirəcəklər.

Ramin DEKO