Il başa çatır. Hamı Yeni ili qarşılamağa hazırlaşır. Yeni ümidlərlə, yeni xəyallarla gedirik 2012-yə.
Əslində, 18 ildir bu ölkədə illərin dəyişməsi quru təqvim hadisəsindən başqa bir şey deyil. Illər dəyişir guya, amma əslində, dəyişən heç nə yoxdur.
Ya da dəyişir – ilbəil pisə doğru, ilbəil keçmişə doğru. Adama elə gəlir ki, biz bu sürətlə bir azdan yenidən qayıdıb Azıx mağarasına girəcəyik, Qobustan qayalarına yeni-yeni rəsmlər çizəcəyik, dinozavrları, kentavrları canlı görmək xoşbəxtliyinə nail olacağıq.
18 ildir bu ölkədə il yenilənmir. 18 ildir bu ölkədə biz növbəti ilə yeni ümidlərlə, yeni arzularla daxil olur, amma hər dəfə də onu köhnə dərdlərlə, qayğılarla, tanış məşəqqətlə, arxaik adamlarla başa vururuq.
Bu o deməkdir ki, Azərbaycan dəyişməyincə, Azərbaycan yeniləşməyincə sadəcə, illərin təzələnməsinin heç bir mənası, faydası yoxdur. Yoxsa nə qədər gülməlidir: sən orta çağların qanunları ilə idarə olunur, orta çağların təfəkkürü ilə yönəldilirsən, amma həm də 2012-ci ili qarşılayırsan. Norveçdə də 2012-ci ili qarşılasınlar, Azərbaycanda da… Insafdandırmı bu?!
Amma mən çox istəyirəm ki, 2012-ci il həqiqətən Yeni il olsun. Ölkəni hər gün bir az da çirkaba bulayan, onu hər gün bir az da çağın gerisinə atan, onu hər gün bir az da uyğar, modern dünyadan qoparan, onu hər gün bir az keçmişə götürən bu köhnəçi zehniyyət rədd olub getsin. Bu bərəkətli, zəngin torpaqlar üzərində yeni dövrün nəbzi döyünsün.
Insanların ruhu yenilənsin.
Hər gün yeni bir ehtirasla, yeni bir həvəslə, yeni bir istəklə oyansın bu məmləkətin insanları.
Mən çox istəyirəm ki, biz 2012-ci ilin sonunda baxıb görək ki, həqiqətən Yeni ildə yaşamışıq.
Kimi aldatmaq istəyirsiniz?
Srağagün hakimiyyətin yeni, yenə də mənasız və düşük, amma çox bahalı bir korrupsiya layihəsinə imza atmasından – Xəzərdə Havay adalarına bənzər adalar tikməyə başlamasından yazmışdım.
O yazıyla bağlı elektron poçtuma etiraz məktubu gəlib, yazırlar ki, layihənin hökumətlə birbaşa əlaqəsi yoxdur, bu, sadəcə, bir biznes projesidir.
Siz dediniz, biz də inandıq, eləmi? Axı məsələ burasındadır ki, hakimiyyətdəkilər xalqdan oğurladıqları pulları məhz həmin biznes projeləri vasitəsi ilə “yuyurlar”. Söhbət xüsusi investisiyalar adı altında Azərbaycandan çıxarılan çirkli pulların offşor zonalarda yaradılan şirkətlər tərəfindən yuyularaq yenidən ölkəyə, daha doğrusu, hakimiyyətin təpəsindəki adamların cibinə qayıtmasından gedir.
Indiyədək bunun çox “parlaq” nümunələrini görmüşük. Başına gələn başmaqçı olar. Bakı Avtovağzal Kompleksinin tikilməsi ilə bağlı hoqqalar hamımızın yadındadır. Həmin avtovağzal da guya xüsusi investisiya ilə tikilmişdi, amma sonradan tikintinin sahibi Vircin adalarından çıxdı, məlum oldu ki, Ziya Məmmədovun qardaşı orada “Bakı XXI əsr” adlı bir əldəqayırma şirkət qeydiyyatdan keçirib, sonra da avtovağzalın tikintisini həmin şirkətə həvalə ediblər.
Ona görə də kimsə, türklər demiş, lafı dolandırmasın. Cidanı çuvalda gizlətməyə, gözdən pərdə asmağa çalışmasın. Bu hakimiyyətin bahalı, gözqamaşdırıcı layihələrə maraq və sevgisinin haradan qaynaqlandığını bilirik, həm də bal kimi bilirik. Məqsəd pul silməkdən, silinən pulları “yuyub” təmizə çıxarmaqdan başqa bir şey deyil.

2012 doğrudan da Yeni il olsun!
•
•