“Azadlıq” qəzetinin ad günündə restoranın işıqlarını söndürtdürənlər bu dəfə eyni üsulla Ziyalılar Forumunun toplantısına mane oldular. “Hyatt Regency” otelinin işıqlarını söndürtdürdülər.
Bunlar əslində, çox simvolik hadisələrdir. Rejimin gerçək mahiyyətinin nümayişidir. Azərbaycanı işıqdan, aydınlanmadan qorxan, yarasa təfəkkürlü bir zehniyyətin idarə etməsinin göstəricisidir.
Yalnız yarasa təfəkkürünün yox, həm də oğru xislətinin nəticəsidir baş verənlər. Yalnız yarasalar yox, oğrular da işığı heç vaxt sevməzlər. Qaranlığı sevərlər, çünki qaranlıq yarayar onların işlərinə. Hər tərəf qaranlıq olacaq ki, rahat-rahat çırpışdırsınlar, yağmalasınlar, əllərinə keçəni qamarlayıb aradan çıxsınlar. Və kimsə görməsin bunu. Kimsənin xəbəri olmasın.
Indi Azərbaycanın zülmətə təslim edilməsinin, ölkənin orta çağ qaranlığına gömülməsinin, aydınlara və aydınlanmaya qarşı öfkənin, nifrinin səbəbini də bunda axtarmaq lazımdır – Azərbaycanın oğru xisləti ilə yönəldilməsində. Ölkə aydınlanmayacaq ki, göz gözü görməsin, bir ovuc adamın millətin cibinə girən, dövlətin xəzinəsinə uzanan əllərini görmək mümkün olmasın.
Bəli, siz indi o restoranda, bu oteldə siyasi sifarişlə işıqların söndürülməsini dərd edirsiniz, bundan heyrətlənirsiniz, “bu qədər də olmaz ki!” deyirsiniz, oysa 18 ildir bu ölkə qaranlığa təslim edilməkdədir. 18 ildir bu ölkə zülmətə qərq edilməkdədir. 18 ildir bu ölkə Günəşin üzünü suvamaq istəyən bir ovuc adama əsir düşüb. 18 ildir bu ölkədə dan yerləri sökülmür.
Və beləcə, 18 ildir qürub etməkdədir bu ölkə, batmaqdadır.
18 ildir bu ölkənin gündüzünü də gecə ediblər.
Niyə?
Niyə olacaq, canım, oğrular işığı sevməzlər, ona görə. Oğruların işinə qaranlıq yarayar, ona görə.
Mən o təbrikə yoxam
Dünən “Azadlıq” qəzetinin ikinci səhifəsində Zeynəb Xanlarovanın 75 illiyi ilə bağlı təbrik vardı. “Azadlıq”a yaraşdırmadım. Üzülərək oxudum.
Ən çox da o təbrikin sonunda bunun “Azadlıq” kollektivi adından yazıldığını görüncə üzüldüm.
Doğrudur, Zeynəb Xanlarova mənim musiqi zövqümə görə deyil. Amma üzüntümün səbəbi başqadır.
Bu xanıməfəndi Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlərdən biridir. Bütün seçimlərini bu anti-demokratik rejimdən yana etmiş biridir.
Və bu üzdən “Azadlıq” kollektivinin bir üzvü olaraq, o təbrikə qoşulmağım mümkünsüzdür.
Bunu nəzərə almağınıza çox sevinərdim.
Hüququ Çingizdən müdafiə edək!
Çingiz Qənizadə “Azadlıq”ın ad günü ilə bağlı məlum və məşum restoran biabırçılığına münasibət bildirib, daha doğrusu, rejimin ağzı ilə danışıb, hakimiyyətin olaya münasibətini təkrarlayıb. Allah qoymasa, guya hüquq müdafiəçisidir, amma hüquqsuzluğu müdafiə edib. Deyib ki, hadisəni bəziləri bilərəkdən siyasiləşdirirlər.
Dəhşət! Vallahi də dəhşət, billahi də dəhşət!
Görün adam nə qədər qalınqabırğalı olmalıdır ki, Əli Həsənovun “Belə qəzetin işığını da söndürərlər, hələ o tərəfə də keçərlər” deməsindən sonra da restoran biabırçılığının bir siyasi sifarişin nəticəsi olduğuna şübhə etsin.
Görün adam hüquq müdafiəçiliyinin mahiyyətindən, məzmunundan fəlsəfəsindən nə qədər bixəbər olmalı, nə qədər uzaq düşməlidir ki, ad günü tədbirində iştirak edən 100-dək insanın haqqının tapdanmasına etiraz etmək yerinə, qalxıb bu rüsvayçılığa qol qoyanları qorusun.
Indiyə qədər həqiqətləri təhrif etdin, qiymətləndirdilər, götürüb deputat qoydular. Bundan sonrasa bir az ədalətli danışmaq, dürüst davranmaq olmazmı? Mandat azlıqmı edir? Yoxsa gözləyirsən, götürüb səni prezident də qoysunlar?
Nə bilim e, vallah. Əcəb işə düşmüşük: bu ölkədə hüququ əvvəlcə hüquq müdafiəçilərinin özündən müdafiə etmək lazım gəlir.

Siz heç işığı sevən oğru gördünüzmü?
•
•