Suriya diktatoru xalqa qarşı qətliamını davam etdirir
Suriyada gərginlik davam edir. Əsəd rejimi Ərəb Ölkələri Liqasının müşahidəçilərinin ölkəyə girişinə icazə verməsinə baxmayaraq hökumətin zorakılıqları səngimir. Bir neçə gün öncə Dəraa əyalətində elektrik enerjisi xətti partladılıb. Rəsmi dairələr olaya görə qanunsuz silahlıları günahlandırıb.
Ərəb müşahidəçiləri Homs, Həma, Idlib və Dəraa şəhərlərində olublar. Onların bölgələrə səfəri zamanı da hökumət qüvvələri hakimiyyət əleyhdarlarına qarşı zorakılıq ediblər. Həma şəhərində çəkildiyi iddia edilən kadrlarda şəhərdən qara tüstü çıxdığı, nümayişçilərin isə təhlükəsizlik qüvvələrinin əlindən qaçdığı görünür. Insan haqları müdafiəçilərinin məlumatına görə, dekabrın 28-də hökumət qüvvələri 16 etirazçını qətlə yetirib. Onlardan 6-sı Homs şəhərinin sakinidir. Yerli Koordinasiya Komitələri açıqlama yayaraq bildirib ki, təkcə dekabrın 28-də Suriyada 42 nəfər öldürülüb, onlardan 17-si Homs, 7-si isə Hama sakinidir. Dəraa şəhərində isə daha 20 nəfər həbs edilib.
Bu arada Suriya Xalq Inqilabı Təşkilatının sözçüsü, Əsəd rejiminə qarşı etirazçıların yaratdığı Suriya Milli Şurasının üzvü Bəssam Cəarə dekabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında Suriyada oğurlanmış iranlılardan danışıb. Cəarə bildirib ki, iranlıları müxaliflər tutub. Onlar Tehran lehinə casusluqla məşğul olurlarmış. Iran vətəndaşları Homs şəhərindən çıxarılıb və başqa bir yerə köçürülüb: “Tutulan iranlılar kompüter mütəxəssisləridir və suriyalı müxalifləri izləmək, onları tutdurmaq üçün Bəşər Əsəd hökumətinə və Suriya təhlükəsizlik qüvvələrinə yardım məqsədilə Homs şəhərinə göndəriliblər. Suriya hökuməti bu şəxsləri axtarmaq üçün boş-boşunsa şəhəri gəzməsin. Çünki onlar artıq şəhərdən çıxarılıb və başqa bir yerə köçürülüb”.
Xatırladaq ki, dekabrın 21-də Bəşər Əsədə müxalif naməlum silahlı şəxslər Homs şəhərində beş iranlını tutub bilinməz istiqamətə aparıblar. Iranın Suriyadakı səfirliyi oğurlananların kimliyi haqqında açıqlama verməsə də, onların mühəndis olduğunu və Homs şəhərindəki bir elektrik stansiyasında işlədiyini bildirib. Dekabrın 25-də Suriyada daha iki Iran vətəndaşının oğurlanması haqda məlumat yayılıb.
Informasiya şöbəsi