Nabatəli Qulamoğlu: «Təhsilin müddətiylə bağlı Azərbaycanda problem yoxdur»
Etibar Əliyev: “Inkişaf etmiş ölkələrə xas bu təcrübənin tətbiqi müsbət haldır”
Yaxın vaxtda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci il üzrə tələbə qəbulunun yekunlarına həsr olunan tədbirdə deyib.
M.Abbaszadə bildirib ki, sözügedən məsələ hələlik müzakirə olunur. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə orta təhsil pilləsinin 12 il nəzərdə tutulmasını müsbət qiymətləndirib. Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər. Xatırladaq ki, Azərbaycanda orta təhsilin müddəti 11, icbari təhsilinki isə 9 ildir.
Maraqlıdır, orta təhsil müddətinin 12 illik olması özünü doğruldacaqmı?
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə, təhsilin müddətiylə bağlı Azərbaycanda problem yoxdur. N.Qulamoğlu təhsilin müddətinin azaldılıb-çoxaldılmasının xüsusi əhəmiyyəti olmadığını bildirdi: “Əsas problemi kənara qoyub insanların fikrini yayındırmağa çalışırlar. Əslində bununla xalqın mənafeyi üçün çalışdıqlarını diqtə etmək istəyirlər. Sözügedən məsələ ictimaiyyəti, TQDK-nı da narahat edir. 11 illik təhsil özünü tam doğruldub, təhsilin bu gün başqa problemləri var ki, onu aradan qaldırmaq gərəkdir. Misal üçün, məktəbəqədər təhsil müəssisələri və uşaq bağçaları-yaslilər, körpələr evinin Təhsil Nazirliyindən alınmasına diqqət yönəlməlidir. Bilirsiniz ki, bu gün kifayət qədər özəlləşdirilməmiş məktəbəqədər təhsil müəssisələri var. Onların böyük əksəriyyəti Bakı şəhərinin ərazisində yerləşir. Uşaq bağçalarının isə neçə hektar sahəsi var ki, onları ələ keçirmək istiqamətində iş gedir. Bəzi təhsil ekspertləri bu addımı təəssüf ki, təhsilin vəziyyətinin yaxşılaşdırılması kimi qiymətləndirir. Bu isə təhsili müsbət deyil, mənfi istiqamətə aparır”.
Təhsil üzrə ekspert Etibar Əliyev söyləyir ki, 12 illik təhsil dünyanın inkişaf etmiş ölkələrinin 80 faizində rast gəlinir. Ekspertə görə, Almaniya, Hollandiya kimi ölkələrdə təhsil 12 ildir: “Yeni təhsil haqqında qanunun müzakirəsində bu məsələ çox qabardılıb. Vaxtilə bu məsələni reallaşdırmaq istəsələr də mümkün olmadı. Onu da qeyd edim ki, 12 illik təhsil müddətində təmayülləşmə prosesi də həyata keçirilə bilər. Ona görə də bu təklifin verilməsi müsbətdir”.
Nigar