Hüquq müdafiəçisi Eynulla Fətullayev dünən 5 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbuslar Rüfət Hacıbəyli və Elnur Israfilovla görüşüb.
Məhbusların saxlanma şəraiti və səhhəti ilə maraqlanan E.Fətullayev hər iki gənclə ayrıca söhbət edib: “Onlar bildirdilər ki, həbsləri qanunsuzdur və dərhal azadlığa buraxılmalıdılar. Saxlanma şəraitləri ilə bağlı bəzi problemlər var, lakin bu problemlər həll olunmaq üzrədir. Artıq bununla bağlı cəzaçəkmə müəssisəsinin rəisinə müraciət ediblər. Mən də müəssisə rəhbərliyindən xahiş etdim ki, bu problem tezliklə həllini tapsın. Həm də ondan şikayətçidirlər ki, müstəqil mətbuatı oxuya bilmirlər. Onlara sual verdim ki, daha hansı problemləri və ya sözləri var. Bildirdilər ki, bu cəzaçəkmə müəssisəsində az qala, rəsmi şəkildə narkotik satışı var idi. Narkotiki demək olar ki, ”varyok”larda satırdılar. Elan da bu cür idi ki, “Ağ şor var”. Lakin üç ay bundan əvvəl yeni rəis təyin olunub – Etibar Məmmədyarov, o həmin “varyok”u ləğv edib və narkotik satışını qadağan edib. Bunu mənə həm Elnur Israfilov, həm də Rüfət Hacıbəyli bildirdi. Durumları normaldır, yuksək əhval-ruhiyədədirlər”.
E.Fətullayev həmçinin cəzaçəkmə müəssisəsinin özünə də baxış keçirib: “Həm xeyli nöqsan aşkar etdim, həm müəyyən təmir işlərinə şahid oldum. Həm nöqsanlar, həm də müsbət işlərlə bağlı geniş hesabat hazırlayacam”.
Hüquq müdafiəçisi monitorinq zamanı 5 saylı cəzaçəkmə müəssisəsində vərəm yayıldığı ilə bağlı mətbuatda gedən məlumatlara da aydınlıq gətirib: “Bu yaxınlarda doğrudan da belə narahatçılıq olub. Bu cəzaçəkmə müəssisəsində 692 məhkum saxlanılır. Bu yaxınlarda keçirilən ekspertizadan sonra 280 məhkumun vərəmə yoluxduğu şübhəsi yaranıb. Həmin məhkumlar dərhal təcrid olunub, onların üzərində yenidən təhqiqat keçirilib və 12-də vərəm aşkar olunub. 9-u vərəm xəstələrinin müalicəsi ilə məşğul olan 3-cü kalona göndərilib. 3-nə isə ümumi müalicə təyin olunub”.
Gültəkin