50 mindən çox sadə fransız soyqırım məsələsində Türkiyəyə dəstək verdi
Fransada qondarma erməni soyqırımını təkzib edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqda qanunun qəbuluna elə bu ölkənin özündə etirazlar davam edir. Nüfuzlu “Le Monde” qəzetinin oxucularının böyük əksəriyyəti “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlbini nəzərdə tutan qanunun qəbulunu etirazla qarşılayıb. Qəzetin sorğusuna qatılan respondentlərin 85,2 faizi ölkə parlamentinin aşağı palatasının qərarı ilə qətiyyən razılaşmır. Sorğuya 50 mindən çox oxucu cəlb olunub.
Türkiyənin paytaxtı Ankarada isə Fransa səfirliyinin qarşısında Ankara Klubu Dərnəyinin üzvləri qondarma erməni soyqırımı ilə bağlı qanun lahiyəsinə qarşı etiraz aksiyası keçiriblər. Etiraz aksiyasında Osmanlı süvarilərinə xas geyimlərdə 100-ə yaxın fəal iştrak edib.
Dərnəyin rəhbəri Mətin Özaslan aksiyada səsləndirdiyi bəyanatda bildirib ki, Fransa parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qanun layihəsi son dərəcə haqsız olmaqla yanaşı, hətta Fransanın öz qanunlarına belə ziddir: “Azad düşüncənin beşiyi olduğunu iddia edən Fransaya yaraşmayan bu hərəkəti qətiyyətlə qınayır, fransız xalqını, bu ölkənin siyasi partiyalarını, mediasını və parlamentini qərarlarından dönməyə çağırırıq”.
Bəyanatdan sonra etirazçılar Fransa səfirliyinin qarşısına qara çələng qoyublar.
Xatırladaq ki, ötən həftə Fransa parlamentinin aşağı palatası “erməni soyqırımı”nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Səsvermədə 577 deputatdan 45-i iştirak edib. Onlardan 38 nəfəri lehinə, 7-si isə əleyhinə səs verib. Bundan sonra Türkiyə hökuməti Fransa ilə diplomatik əlaqələrin səviyyəsini aşağı endirib. Iki ölkə arasında siyasi, hərbi və iqtisadi əlaqələr dondurulub. Türkiyənin Fransadakı səfiri qeyri-müəyyən vaxtadək öz ölkəsinə geri çağırılıb.