Elçibəyin vaxtında bağça uşaqları küçəyə çıxa bilmirdi…

Ilham Əliyev bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin tabeçiliyinə verilməsi haqda sərəncam imzalayıb. Düzü, bu cəmiyyəti qətiyyən narahat etmədi, axı nə dəyişəcək ki?! Elə bil, pulu bir cibindən çıxarıb, o birisinə qoyursan.
Gerçəkdə isə çox ziddiyyətli və absurd qərar idi. Türkmənistanın keçmiş dahi lideri Saparmurad Niyazov bir vaxtlar yol polisini Müdafiə Nazirliyinin tabeliyinə keçirmişdi. Amma bizim üçün də fərqi yoxdur bağçaları kimin idarə etdiyinin. Bizə yaxşı məlumdur ki, onlar necə idarə edilir…
Bütün bunlara baxmayaraq, tərs bir sual yarandı. Necə bəyəm, Təhsil Nazirliyi uşaq bağçalarını idarə edə bilmir? Bu halda, onlar məktəbləri, universitetləri necə idarə edirlər? Onda məktəbləri də ARDNŞ-in nəzarətinə vermək lazımdır. TQDK-nı isə Daxili Işlər Nazirliyi əvəz edə bilər. Zarafat öz yerində, amma xəstəxanaların Kənd Təsərrüfatı Nazirliyinə verilməsi tam məntiqli olardı və heç nəyi pisə doğru dəyişməzdi.
Mənim şəxsi qənaətim budur ki, bütöv bir xalqı dəyənəklə özünə tabe etdirən, bir ölkəni bostana çevirən, zordan və talandan başqa heç nəyi bacarmayan bu hakimiyyət uşaq bağçalarını da normal idarə edə bilmir. Sonuncu qərar da bunun nəticəsidir.
Ilham Əliyevin bağçaların 1993-də özəlləşdirildiyini deməsi…
Bağçalarla bağlı unudulmaz bir hadisəni yenidən yada salmağın əsl məqamıdır. Elə uzaq tarix deyil, bu il aprelin 12-də Nazirlər Kabinetinin iclasında Ilham Əliyev söyləmişdi: “Ölkədə uşaq bağçaları ilə bağlı problemlər var. Biz bu problemləri bilirik. Bu problemlər müstəqilliyimizin ilk illərində yaranmışdır. O vaxt uşaq bağçalarının bir hissəsi özəlləşdirilmişdir. Yaxud da ki, onlardan başqa məqsədlər üçün istifadə olundu. Bəzilərində dükanlar, restoranlar, digər məişət obyektləri yaradıldı. Yəni o dövrdə belə xoşagəlməz hallara yol verilirdi…”
Bir sözlə, prezident deyir ki, bağçaların özəlləşdirilməsi, onların başqa profillə istifadə edilməsi, necə deyərlər, talan edilməsi YAP hakimiyyətindən qabaq – müstəqilliyimizin ilk illərində olub, müstəqilliyin ilk belə illəri isə Elçibəy hakimiyyəti dövrünə düşür. Amma tarixi həqiqət tamam başqa cür idi…
Prezidentin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 1635 saylı sərəncamı 23 avqust 2006-cı ildə imzalanıb. Müstəqilliyin ilk illərində yox, Ilham Əliyevin hakimiyyətinin ilk illərində. Həmin sərəncamın 4.2-ci bəndində deyilir: “Aşağıda göstərilən sosial obyektlər qanunvericiliyə uyğun olaraq öz profilini saxlamaq şərtilə özəlləşdirilir”.
Aşağıda yazılanlar arasında isə belə bir hissə var: “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə: Körpələr evləri və uşaq bağçaları”.
Həmin sərəncama əlavədə isə ölkə üzrə özəlləşdirilən bağçaların siyahısı var. Olduqca uzun bir siyahıdır. Bax, bağçaların özəlləşdirilməsinin tarixi bundan ibarətdir. Onlar indi restorana, dükana, firmaya çevriliblər, yaxud da yerlərində bir neçə düşük yeni bina ucalır. Bundan əvvəl bizim ölkədə heç vaxt bağçaların özəlləşdirilməsi barədə sərancam olmayıb…
Amma bütün günahlar yenə də Elçibəydədir. YAP-çılar yaxşı deyir: axı o vaxt bağça uşaqları küçəyə çıxa bilmirdilər…