Direktorun şoka salan sözləri

Tovuzdakı musiqi məktəbinin müəllimləri və direktoru «Azadlıq»a nələr dedi?

Aşıq Əsəd Rzayev adına Tovuz şəhər 7 illik uşaq musiqi məktəbinin müəllimləri adından “Azadlıq”a şikayət məktubu gəlib. Şikayət məktubunda göstərilir ki, direktor Arifə Əsgərova qanunsuz olaraq hər ay müəllimlərdən 5-10 manat pul yığır. Məktəbdə total maxinasiyalar ucbatından yenicə ora komissiya gəlib. Bu komissiyanı “yola salmaq” üçün isə 20000 manat pul tələb olunur.
Bu məbləği ödəmək üçün 150 manat yeni, 170 manat isə köhnə müəllimlərdən yığılıb.
Bundan başqa göstərilir ki, təyinatı heç cür açıqlanmayan və şəffaflığı olmayan bir fonda şagirdlərdən 4 manat “fond pulu” yığılır. Bunu verməyən şagirdə qapını göstərib qovurlar. Pedaqoji kollektivdən və şagirdlərdən yığılan kapitala baxmayaraq o pulla məktəbdə elementar şəraitin yaradılmaması da şikayətdə əks olunub. Məktubda göstərilir ki, sinif otaqlarında isitmə sisteminin olmaması onların çoxunda ağır xəstəliklər yaradıb.
Səslənən ittihamları cavablamaq üçün biz direktorla əlaqə saxladıq və sözün əsl mənasında heyrətə gəldik. O, cinayətin məzmununu dinləyəndən sonra soruşdu:

– Bunu kim yazıb?

– Onlar qorxduqlarından adlarının açıqlanmamasını istəyirlər.
– Qələt ediblər?

– Necə?
– Dedim ki, o şikayəti yazanlar qələt edib, başlarını da daşa döyüblər.

– Hörmətli xanım, axı siz ziyalı bir insansınız, niyə belə danışırsınız, bu, ziyalıya yaraşmayan tərzdir.
– Əcəb edirəm.

– Axı şikayət etmək vətəndaşların hüququdur. Camaat prezidentdən də şikayət edir, heç onlara qələt edirsən demirlər.
– Prezidentdən şikayət edənin qanı xarabdır yəqin.

– Düzdürmü ki, komissiyanı yola salmaq üçün 20 min manat vermisiniz?
– Yalandı, komissiya gəlib də, gedib də. Komissiya hara gəlmir ki. Bir də ki, ay müəllim, bu söhbət nədir eləyirsən? Səhərdən axşama qədər siz jurnalistlər də məktəbə gəlirsiniz, hamınızı da ədəb-ərkanla yola salırıq. Bu bizim borcumuzdu, indi biz də çıxıb deyək ki, kimi necə yola salmışıq?

– Zəhmət olmasa deyin, “Azadlıq” qəzetinin müxbirini nə vaxt, necə yola salmısınız?
– Yadıma gəlmir, o qədər işim var ki, gəlin, yola salım…

– Müəllimlərdən yığılan…(sözümüzü kəsir)
– Mən sizlə danışmaq istəmirəm, bunu anlayın.
Bizcə də çox danışmağa ehtiyac qalmırdı. Hər şey göz önündədir. Burdan oyanı Təhsil Nazirliyinin başbilənlərinindir…

Natiq