Suriya-Türkiyə sərhədində qarşıdurma

Ərəb Ölkələri Liqasının müşahidəçiləri Suriyada bir sıra məhdudiyyətlərlə üzləşib

Suriya əyalətlərində yaşanan silahlı qarşıdurmalar Türkiyə ilə sərhədə də sıçrayıb. Suriyalı əsgərlərlə Türkiyə ərazisindən sərhədi keçmək istəyən silahlı qruplaşma üzvləri arasında insident yaşanıb. Suriyanın “SANA” xəbər agentliyinin məlumatına görə, Cisr əl Şuğur yaxınlığındakı Eyn əl Beyda bölgəsində yaranmış silahlı qarşıdurma zamanı “terrorçu” adlandırılan şəxslərin bir hissəsi zərərsizləşdirilib.
Rəsmi dövlət agentliyi xəbər verir ki, yüngül silahlarla silahlanmış naməlum şəxslərdən ibarət qrupun sağ qalan üzvləri Türkiyə ərazisinə daxil olublar. Onlar dağlıq ərazilərdə gizlənə biliblər. Suriya rəsmiləri iddia edir ki, silahlılar onlardan götürülmüş partlayıcı maddələrdən terror aktlarının törədilməsi məqsədilə istifadə etməyi planlaşdırıbmış.
Bu arada, Suriyanın əsas müxalifət liderlərindən olan Bürhan Qəlyun Fransada keçirdiyi mətbuat konfransında Ərəb Ölkələri Liqasını Bəşər Əsəd rejiminin ölkədə törətdiyi qətliamların qarşısını almağa çağırıb. Suriya Milli Keçid Şurasının Fransadakı lideri eyni zamanda, ölkədəki gərginliyin aradan qaldırılması istiqamətində səylərini artırması üçün BMT-yə çağırış edib, təşkilat qarşısında bu barədə şifahi olaraq vəsatət qaldırıb.
Suriya müxalifəti bir daha bəyan edib ki, Bəşər Əsəd beynəlxalq müşahidəçilərin ölkəyə buraxılmasına dair Ərəb Ölkələri Liqasının təklifini qəbul edib bu haqda saziş imzalamaqla, əslində, vaxt qazanmağa çalışır. Fransadan dünya ictimaiyyətinə müraciət edən Bürhan Qəlyun bildirib ki, onda olan son məlumatlara görə, Ərəb Ölkələri Liqasının müşahidəçiləri artıq Suriyada bir sıra məhdudiyyətlərlə üzləşib. Qəlyun Homs şəhərinə yollanmış müşahidəçilərlə telefon əlaqəsi yaratdığını qeyd edərək, onlardan aldığı məlumatları da açıqlayıb. Qəlyunun sözlərinə görə, müşahidəçilər Homs şəhərinin Bab əl Hava yaşayış məntəqəsinə getmək istəsələr də, yerli hökumət onları nəqliyyat vasitəsilə təmin etməkdən imtina edib.

Informasiya şöbəsi