Siyasi məhbuslar niyə əfv edilməyib?

Ilham Əliyev bu addımın hakimiyyətin geri çəkilməsi kimi başa düşüləcəyindən ehtiyatlanıb

Ilham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı bir neçə gün əvvəl Prezident Administrasiyasında ciddi müzakirə edilib. Hakimiyyət daxilindən qəzetimizə sızan məlumatda deyilir ki, müzakirə əsasən əfv sərəncamının siyasi məhbuslara daha geniş tərkibdə şamil edilməsi ətrafında aparılıb.
Ilham Əliyevin yanında aparılan müzakirələrdə belə fikirlər səsləndirilib ki, siyasi məhbus məsələsi Azərbaycan hakimiyyəti üçün ciddi problem olaraq qalır. Yerli ictimaiyyətlə yanaşı beynəlxalq aləm də bu məsələdə prinsipial mövqe tutur və bu hakimiyyət üçün arzuolunmaz haldır. Xüsusilə “2 aprel” məhbusları, Ruslan Bəşirli, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, sabiq nazirlər Əli Insanov və Fərhad Əliyevlə bağlı məsələdə beynəlxalq aləmin təpkisi ciddi narahatlıq doğurur. Təklif olunub ki, beynəlxalq aləmin tələblərini həmçinin Azərbaycan cəmiyyətinin gözləntilərini nəzərə alaraq siyasi məhbusları azadlığa buraxmaq mümkündür. Bu həm də cəmiyyətdəki gərginliyin müəyyən qədər aradan qaldırılmasına xidmət edər. Lakin müzakirələr zamanı çoxluq bunun əleyhinə olub. Əks mövqedə olanlar əsasən bu arqumentə söykəniblər: Siyasi məhbusları azadlığa buraxmaq cəmiyyətdə hakimiyyətin geri çəkilməsi kimi başa düşülə bilər. Indiki situasiyada isə bu hakimiyyət üçün ciddi fəsadlara səbəb olub. PA-dakı söz sahibləri hesab edib ki, indiki vəziyyətdə hakimiyyətin əzmini nümayiş etdirmək daha məqsədəuyğundur. Bu baxımdan qərara alınıb ki, növbəti əfv sərəncamı da digərlərindən ciddi şəkildə fərqlənməsin.

Informasiya şöbəsi