Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun “mediaforum” saytına “Azadlıq” qəzetinin ad günü məclisinin yarımçıq dağıdılması səbəblərinə aydınlıq gətirərkən dediyi sözü artıq hamı bilir. “Azadlıq”ın şərhçisi Seymur Həzinin fikri ağlabatandı. Artıq hakimiyyət öz hikkəsini gizlədə, barı el gözünə imitasiya eləyə bilmir. Dişlərinin dibindən nə çıxırsa, efirə buraxırlar. Hətta gözləmək olar ki, bundan sonrakı həbsləri də açıq-aydın eləyəcəklər. Daha gənclərin cibinə narkotik atıb şərləməyəcəklər. Eləcə deyəcəklər: “Görmürsüz nə deyirlər? Deyirlər ki, Ilham Əliyev ölkəni idarə eləyə bilmir, korrupsiya baş alıb gedir, prezidentə ”yırtıcı” deyən xarici havadarlara inanırlar. Beləsini həbs eləyərlər, hələ bir o yana da keçərlər. Ayıbdı vallah, görün kostyumda, qalstukda olan adam da yırtıcı olar?..” Təxminən bu cür açıqlamalar.
Yırtıcı demişkən, Həsənov deyib: “Yazıblar ki, prezident göl qırağına ova gedib. Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır!”
Vallah mən də bu sözü deyən adama deməyə söz tapmıram. Ayıbdır! Əvvəla, Əliyevin ova getməsindən bunlar niyə xoflanırlar? Gedib, gedib də… Məgər hamı kimi onun da ova getmək hüququ yoxdumu? O, bu ölkənin hansı ovçusundan aşağı hüququ olan adamdı? Məgər onun da beş-altı yaşılbaş ördək ovlamaq səlahiyyəti yoxdumu? Məgər gərgin işdən sonra, lap elə iş arası, rayona gəlmişkən, ova gedib bir az stress atmaq onun da haqqı deyilmi? Əli Həsənov elə bunuca deyə bilməzdimi? Bunun xizək sürməyini gizlət, ov ovlamağını gizlət, bəlkə deyəsiz, heç o başını da qaşımır? Bəlkə heç üzünü təraş da eləmir? Nə isə, Həsənov sadəcə, indi hər şeydən xoflanır və bəlkə imkanı olsa, deyər ki, Əliyev heç nəfəs də almır.
Ancaq deyib ki, heç kostyumda da ova gedərlər? Yox, getməzlər. Guya Əliyev ova gedəcəyinə görə elə Bakıdaca libasını dəyişməli, patrondaşını bağlamalı, uzunboğaz çəkmələrini geyinməli, komuflyajını taxmalı, vinçestrini yaxasından asmalı və yol boyu havaya atəş aça-aça cəbhə bölgəsinə, Ağcabədi zəhmətkeşləri ilə görüşə yollanmalı, iş vaxtının bitdiyi vaxtdan etibarən karvanını göl qırağına çəkməliymiş. Ancaq Həsənov and-aman eləyir ki, ova getməyib. Halbuki, bu, onların getdiyi yolların ən suçsuzudu. Bir suçsuz yol ola, onu da yalana çıxarmağa çalışasan, heç anlaşılan deyil…
Hə, deyir kostyumla-qalstukla ova gedərlər? Yox, getməzlər. Ancaq hamının ağlına o dəqiqə bu gəlir ki, kostyum dəyişmək nə zülm məsələymiş ki?
Indi Əli Həsənovun sözünə inanıb, o özü demişkən, fantaziyamı işə salıram. Təsəvvür eləyin, bir dövlətin başçısı bölgəyə səfərə gedib, özüylə ov yaraq-əsləhəsini də götürüb. Ancaq bir yer, bir ev, bir otel, olmayan yerdə bir kol qırağı tapmır ki, paltarını dəyişə. Indi prezident də “Azadlıq” qəzeti deyil ki, bir xırda yubiley tədbiri keçirmək üçün sahibi kişi olan restoran tapılmaya. Kimdi prezident paltarını dəyişəndə onun işığını keçirən? Və ya tam geyinməmiş onu olduğu yerdən bayıra atan.
Əli Həsənov bir maraqlı söz də deyib. Özü də elə ov söhbətinin üstündən. Deyib ki, belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər. Əlbəttə, hamını düşündürür ki, “o yan” nə deməkdi? Bəlkə “o yan” elə göl qırağıdı? Yəni, “Azadlıq”ın işçilərini orda heyvan kimi güllələmək-filan. Nə isə, ovun qanlı, prezident…
Prezident paltarını dəyişməyə yer tapmır
•
•