Qubad Ibadoğlu: «Insanlar zəhmətinə, gündəlik yaşayış səviyyəsinin tələbinə uyğun məvacib almır»
Bir neçə gün əvvəl dövlət başçısı Ilham Əliyev əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb. Rəsmi KIV-lər bu addımı I.Əliyevin əhaliyə dövlət qayğısının artırılması kimi qələmə verməyə çalışır. Amma məsələ burasındadır ki, hazırda böyük ehtiyacı və sosial problemləri olan bu şəxslərə veriləcək yardım olduqca kiçik və hazırkı reallığa uyğun deyil. Fərmana görə, aylıq sosial müavinətlərin məbləği 2011-ci il dekabrın 1-dən artırılaraq aşağıdakı kimi müəyyən ediləcək.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – 45 manat;
Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 40 manat.
Bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:
– Şəhid uşaqlarına – 15 manat;
– Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına – 10 manat.
Rəqəmlərdən də görünür ki, dövlət büdcəsinin hüquq-mühafizə orqanlarının və digər güc strukturlarının əməkdaşlarına münasibətdə səxavətli olmasına baxmayaraq, kifayət qədər ciddi problemlərlə üz-üzə olan əhalinin müxtəlif qruplarına dövlət qayğısından danışmaq yersizdir.
Iqtisadçı Qubad Ibadoğlu vurğuladı ki, ölkədə nəinki bəzi kateqoriyaların ümumiyyətlə, əhalinin sosial müdafiəsi lazımınca təşkil olunmayıb. Insanların zəhmətinə, gündəlik yaşayış səviyyəsinin tələbinə uyğun məvacib almadığını deyən Q.Ibadoğlu bildirdi ki, bu baxımdan ölkədə inflyasiyanın dayandığı nəzərə alınarsa, əmək haqqının və digər ödənişlər də buna uyğun olmalıdır: “Bizim təşkilatın hesablamalarına görə, bu ilin 11 ayı ərzində ölkədə inflyasiyanın səviyyəsi 11.2 faiz olub. Ona görə əmək haqqının səviyyəsinin artımı ən azı bunu qabaqlamalıydı. Əgər orta hesabla ölkədə illik inflyasiya 14 faizdirsə, o zaman əmək haqqı artımları inflyasiyanı qarşılamağa qadir deyil”.
Bəzi kateqoriyadan olanlara verilən məvacibin isə yaşayış minimunu qarşılamadığını deyən Q.Ibadoğlu söylədi ki, bu istiqamətdə dövlət başçısının fərmanları daha çox siyasi məqsədlərə xidmət edir. Dövlət başçısının fərmanlarının bir neçə dəfə təkrarlanması isə iqtisadçıya görə, açıq göstərir ki, hakimiyyət bununla özünə siyasi dvidend qazanmağı düşünür. Ciddi sosial problemlərlə üz-üzə qalan əhalinin müxtəlif təbəqələrinə dövlət büdcəsindən daha çox maliyyənin ayrılmasının mümkün olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, amma büdcənin yalnız 12 faizi əmək haqqı və digər bu tip məsələlərə yönəldilib: “Dövlət büdcəsinin böyük hissəsi əmək haqqının ödənilməsindən kənar istiqamətlərə yönəldilib. Büdcə vəsaitləri daha çox tikinti layihələrinə yönəldilir. Hökumət belə arqumentlər gətirir ki, əhalinin məvaciblərinin daha yüksək səviyyəyə çatdırılması inflyasiyanı stimullaşdıra bilər. Amma əmək haqqı artımı olsa da, olmasa da ölkədə inflyasiya faktiki yüksəkdir. Ona görə də demək olar ki, indiki halda da büdcə imkanlarından lazımi səviyyədə istifadə olunmur”.
Hikmət