İctimai Palatanın Ismayıllı şöbəsindən “Azadlıq”a dəstək

İctimai Palatanın Ismayıllı rayonu üzrə Əlaqələndirmə Şurasının ötən gün iclası keçirilib. Bu barədə “Azadlıq”a məlumatı Əlaqələndirmə Şurasının üzvü, deputatlığa keçmiş namizəd Məzahir Şahvələdov verib.
Onun sözlərinə görə, iclasda Ictimai Palatanın rayon təşkilatının üzvləri iştirak edib: “Gündəlikdə iki məsələnin müzakirəsi səs qoyuldu. Birinci məsələ Fransa Parlamentinin aşağa palatasının qondarma erməni soyqırımı haqqında qanunun qəbuluna qarşı etiraz, ikinci məsələ isə Ismayıllıdan deputat seçilən Novruzəli Aslanovun ”Azadlıq” qəzetinin reportyoru Ramin Dekoya qarşı məhkəmə iddiasının jurnalistlərə qarşı təzyiq kimi qiymətləndirilməsi idi. Ilham Həmzə çıxış edərək Fransa Parlamentinin qondarma erməni soyqırımını tanımasını pislədi və bununla bağlı bəyant verildi”.
Məzahir Şahvələdov deyir ki, Ramin Deko ilə bağlı müzakirəni Heybət Balayev apardı: “Iclasda qeyd edildi ki, ”Azadlıq” qəzetinin əməkdaşını Novruzəli Aslonovun məhkəməyə verməsi söz azadlığına təzyiqdir. Reportyorun Ismayıllı rayonundan  və Ivanovka kəndindən ayrı-ayrılıqda yazdığı reportajlar həqiqəti əks etdirir. Biz bildirir ki, qəzetdə yazılan məqalələrdə Novruzəli Aslanov başda olmaqla adıçəkilən digər şəxslərin şərəf və ləyaqəti təhqir olunmayıb. Novruzəli Aslanov seçildiyi müddət ərzində seçiciləri qarşısında hesabat verməyib, hətta parlamentdə “passiv deputatlar” siyahısına başçılıq edir”.
Məzahir Şahvələdov iclasda Ramin Dekoya dəstək üçün məhkəmə prosesinə Ictimai Palatanın üzvlərinin qatılması barədə də müzakirələr edildiyini söylədi: “Qərara alındı ki, qarşıdakı günlərdə keçiriləcək məhkəmə prosesində rayon sakinlərindən də iştirak etsin”.

Natiq