Onlar Təhsil Nazirliyinin sabiq şöbə müdirinin zaminə buraxılmasını istəyirlər
Təhsil Nazirliyinin Iqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimovun həbsdən zaminə buraxılması üçün 9 deputat dünən Ilham Əliyevə müraciət edib. Bu barədə Modern.az saytına Orxan Kərimovun qardaşı Paşa Əlioğlu məlumat verib. Onun sözlərinə görə, deputatların imzaladığı müraciət Sabir Rüstəmxanlı vasitəsilə ölkə başçısına ünvanlanacaq.
Orxan Kərimovun zaminə buraxılmasını istəyən millət vəkilləri aşağıdakılardır:
Sabir Rüstəmxanlı, Fəzail Ibrahimli, Musa Quliyev, Çingiz Qənizadə, Fazil Mustafa, Iqbal Ağazadə, Ilyas Ismayılov, Nizami Cəfərov, Aqil Abbas.
Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma (passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Orxan Kərimov Bakı Istintaq Təcridxanasında saxlanır.
Yeri gəlmişkən, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da dekabrın əvvəlində Baş Prokurorluğa yazılı müraciət göndərərək Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib, amma heç bir cavab almayıb.
Xatırladaq ki, Orxan Kərimov bu günlərdə həbsxanadan “Azadlıq” qəzetinə yazdığı məktubda bildirib ki, o, əsassız olaraq qanunsuz tələbə köçürmələri ilə bağlı cinayətdə suçlanır: “2011-ci ilin iyun ayında mən həbs olunarkən 2009-cu ildə, yəni düz 2 il əvvəl (?!) rüşvət almağım ehtimalı əsas götürülmüşdü. Ortada isə konkret heç bir fakt və sübut yoxdur. Həbsim üçün əsas olaraq məşhur bir saxta sənəd alverçisinin, müxtəlif illərdə çoxsaylı vətəndaşları aldadaraq pullarını mənimsəyən və dələduzluğu heç istintaq üçün də sirr olmayan bir nəfərin hansısa qaranlıq məqsədlə (ehtimal ki, öyrədilərək) verdiyi ifadəsi götürülüb.
Ən maraqlısı isə odur ki, bu şəxs ”təhsil sahəsində xidmət göstərdiyi” vətəndaşlara özünü mənim adımla – Təhsil Nazirliyinin məsul əməkdaşı Orxan Kərimov kimi təqdim edirmiş(?!). Aldanan vətəndaşlar yalnız telekanallarda yayımlanan operativ videogörüntülərdə bu şəxsin Orxan Kərimov deyil, əslində tamam başqa biri olduğunu başa düşüblər. Bu faktlar da istintaqa çox yaxşı məlumdur. Ancaq ən təəccüblüsü odur ki, istintaq məhz belə bir şəxsə inanaraq məni həbs edib, istintaq altında təcridxanada saxlandığım 7 ay ərzində bu şəxsin qərəzli ifadəsindən başqa mənim “cinayətimi sübut edəcək” başqa heç bir əsas və fakt tapa bilməyib. Mənim özüm isə bu şəxsi ilk dəfə yalnız həbs olunandan sonra müstəntiqin kabinetində görmüşəm”.