Vahid Əhmədovun dialoq təklifinə iki cavab

Fuad Qəhrəmanlı: «Müxalifətin birtərəfli dialoq təşəbbüsləri yetərsizdir»

Aydın Mirzəzadə: “Istənilən qüvvə hakimiyyətə müraciət edərək təklif etdiyi məsələləri müzakirəyə çıxara bilər”

Milli Məclisin son iclasında deputat Vahid Əhmədov iqtidarla müxalifətə çağırış edib. Dünyadakı hazırkı iqtisadi böhrana diqqət çəkən V.Əhmədov bildirib ki, bu proses bir sıra ölkələrdə siyasi kataklizmlərə səbəb olub. Bu baxımdan millət vəkili Azərbaycanı düzgün seçim etməyə çağırıb.
V.Əhmədov qeyd edib ki, artıq siyasi düşərgələrin nümayəndələri bir araya gəlməlidir: “Belə hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin daimi olması üçün bütün siyasi partiya rəhbərləri, siyasi liderlər, o cümlədən, ictimai təşkilatlar, ziyalılar birgə addım atmalıdırlar. Mən Azərbaycan hökumətinə, Azərbaycan dövlətinə də təklif edirəm, artıq dialoqun vaxtı çatıb. Siyasi liderlərin bir yerə yığışıb danışıqlara başlamasına çox böyük ehtiyac var”.
V.Əhmədovun təklifinə müxalifət və iqtidar təmsilçisinin fikrini öyrəndik.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycanda iqtidarla müxalifət arasında dialoq məsələsi o qədər hallandırılır ki, artıq hörmətdən də düşür. Hazırda Azərbaycan hakimiyyətinin demokratik qüvvələrlə dialoqa girmək niyyətinin hiss olunmadığını deyən F.Qəhrəmanlı vurğuladı ki, əksinə hakimiyyət bütün repressiv metodlardan istifadə edərək müxalifəti siyasi mühitdən sıxışdırıb çıxarmağa çalışır: “Belə olan halda müxalifətin birtərəfli dialoq təşəbbüsləri yetərsizdir. Qarşı tərəfdə də belə bir niyyət ifadə olunmalıdır. Bildiyiniz kimi, Ictimai Palata hakimiyyətə dialoq təklifində bulunmuşdu. Amma bu təkliflər paketi ironiya ilə qarşılandı. Müxalifət dəfələrlə elan edib ki, siyasi proseslərin dinc məcrada inkişafını istəyir və hakimiyyətlə yürüdülməli olan islahatları müzakirə etməyə hazırıq. Amma iqtidar bu mövqeyi qəbul etmir. Ona görə də bu məsələ ilə bağlı hakimiyyət mövqeyini bildirməlidir. Nə zaman iqtidar siyasi tərəfdaş kimi müxalifəti qəbul edər, o zaman bu dialoq məsələsi real məzmun daşıyar”.

Azərbaycanda heç bir böhran əlamətinin olmadığını deyən YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirdi ki, ölkəmizdə müxalifətlə iqtidar üçün əlverişli dialoq mühiti var: “Dialoq hər kəsin, siyasi qüvvələrin öz fikrini ifadə etməsidir. Konkret olaraq görüşlərin keçirilməsinə gəldikdə isə, istənilən qüvvə hakimiyyətə müraciətlə təklif etdiyi məsələləri müzakirəyə çıxara bilər”.

Xəyal