Sabirabada “qaz gəldi”…

Qalaqayın kəndində açılış balon qazı ilə olub

Hökumətin regionların inkişafı, əhaliyə qayğı ilə bağlı səsləndirdiyi özünü doğrultmadığı ilə yanaşı, bəzi hallarda hətta ironiya ilə qarşılanır. Sabirabadın Qalaqayın kəndində baş verənləri də bu qəbildən hesab etmək olar.
Qəzetimizə müraciət edən kənd sakinlərinin dediyinə görə, Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim Ismayılovun iştirakı ilə kənddə qaz xəttinin açılış olub. Rayon polis rəisinin, prokurorun iştirakı ilə keçirilən mərasim ilk baxışdan başqa kəndlərdə analoji tədbirlərdən heç nə ilə fərqlənməyib. Lakin açılan qaz xəttində… qaz olmayıb.
Kənd sakinlərinin dediyinə görə, evlərə sayğac da qurulmayıb. Borular da hələ tam birləşdirilməyib. Olmayan qazın açılışında kənd ağsaqqaları da çıxış edərək “hökumətin əhaliyə göstərdiyi qayğı və diqqətdən” danışıb və kəndin tam qazlaşdırıldığını deyib. Qazın gəlişi isə qaz balonundan istifadə edilməklə nümayiş olunub. AzTV-nin çəkiliş qrupu da “açılış” mərasimindən reportaj hazırlayıb. Sakinlərin telekanal əməkdaşlarını bu saxtakarlıqdan məlumatlandırmasına isə onlar “biz kimik, deyilib çək, çəkirik” kimi cavab veriblər. Bu saxtakarlığa etirazını bildirən kənd sakini Əliquliyev Elxan Hacı oğlu “açılış” mərasimindən uzaqlaşdırılıb və saxlanılaraq polis şöbəsinə aparılıb. Sahə müvəkkili Qulu Şahkərəmov və rayon polis rəisinin müavini isə onu həbs edəcəkləri ilə hədələyib. Buna cavab olaraq isə Elxan Əliquliyev rayon rəhbərliyinin cinayətə və saxtakarlığa yol verdiyini, olmayan qazın açılışını keçirdiyini deyib. Ən acınacaqlı hal isə odur ki, mərasimdə iştirak edən kənd ağsaqqalları da saxtakarlığa etiraz etmək əvəzinə, bu biabırçılığa qarşı çıxan Elxanı qınayıb. Onlar baş verənlərə “ağsaqqalyana” münasibət də bildiriblər: “Ağa deyirsə qaz var, deməli, var”.

Fizzə