Azərbaycanda ilk dəfə süni adaların üzərində şəhər salınır. Qırx süni adanın üzərində müasir şəhərsalma tələblərinə cavab verən “Khazar İslands” layihəsinin birinci mərhələsi üzərində ciddi iş aparılır.
Layihə ilə bağlı tikinti 2010-cu ilin sentyabrında başlanıb. Buradakı tikililər 600 min sakinə hesablanıb. “Khazar İslands” Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşir. Tikinti işləri “Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yaşıl bulvarlar və ən son texnologiyalarla təmin olunmuş yaşayış və qeyri-yaşayış sahələri şəhərin fərqliliyini hiss etdirir.
Tikintinin ərazisi 2 min hektarı əhatə edir. “Baş” adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin tikililəri və adaları körpülərlə birləşdiriləcək.
Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir. Tikintinin birinci mərhələsinin başa çatması 2013-cü ilin sonuna planlaşdırılır.
Qeyd edək ki, adalarla bağlı bu layihə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun böyük qardaşı Hacı İbrahim Nehrəmliyə məxsusdur. Bir müddət əvvəl Hacı İbrahim burada görülən işlərin dövlət layihəsi olmadığını bildirmişdi. O qeyd etmişdi ki, bu layihəyə 30 milyard vəsait xərclənəcək: “İş adamı olaraq dünyanın ən gözəl şəhərini Azərbaycanda tikirəm. Hazırda yeni binalar inşa olunur, onlardan artıq 4-ü hazırdır. 2013-cü ildə həmin şəhərdə 6 min insan yaşayacaq. İtalyanlar qəzetlərində yazıblar ki, dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir”.
“Yeni Müsavat”