Bəs Tural Abbaslını universitetdən niyə qovurdunuz?

Ilham Əliyevin ad günü münasibətilə “Rossiya” telekanalında Mixail Qusmanın “Hakimiyyət formulu” adlı müəllif proqramı göstərilib, mən rəsmi divar qəzetlərində həmin proqramın mətninə rastladım, səbrimi basıb oxudum.

Orada Ilham Əliyevlə söhbətinin bir yerində Qusman əlahəzrətə onun şəxsi işini göstərir, deyir: “Düşünürəm ki, siz bunu heç vaxt görməmisiniz”.
Əliyev təsdiqləyir, məlum olur ki, bu, məxfi sənəddir, orada kral həzrətinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində oxuduğu dövrlə bağlı maraqlı məlumatlar var. Qusman onların bəzilərini açıqladı, biri diqqətimi xüsusi çəkdi. Sən demə, Ilham Əliyev birinci kursda oxuyarkən müəllimlər onun tez-tez dərs buraxmasından şikayətlənirmişlər. Qusman əlahəzrətdən soruşur ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunun o vaxtkı binasından hara gedirmiş?
Ilham Əliyev isə cavab verir ki, Moskva kimi yeni mühitə düşərkən görməli yerlərlə tanış olmaq üçün vaxtını səmərəli keçirmək vacibdir, ona görə də o, dərsdən institutun yaxınlığındakı mədəniyyət və istirahət parkına qaçırmış.
Əvvəla, biz ilk dəfə eşidirik ki, bir tələbə üçün dərsdən qaçmaq “vaxtını səmərəli” keçirmək deməkdir, həm də qaçdığın yer hansısa istirahət parkıdır. Şəxsən mən tələbə üçün ən vacib, səmərəli yerin ali məktəbin auditoriyası olduğunu fikirləşirdim. Amma gəl gör ki, səmərəlilik məktəbdən qıraqda imiş. Indi sizə aydın oldumu ki, ölkədə təhsilin durumu niyə bu vəziyyətdədir?
Ikincisi, bunlar bu ilin əvvəllərində hazırkı siyasi məhbus Tural Abbaslını “qayıblarının çoxluğunu” bəhanə gətirib Bakı Dövlət Universitetindən xaric etmişdilər. Universitet rəhbərliyi onu bərpa etməmək üçün dirəşmişdi, əsas da onu gətirirdilər ki, dərsə gəlmir, əvəzində vaxtını mitinqlərdə boş-boşuna keçirir. Əlbəttə, bunun ağ yalan olduğunu söyləmək artıqdır, çünki ölkədə mitinqlər bir qayda olaraq şənbə-bazar günlərinə təyin edilir, həmin günlər isə həftəsonu tətilidir, məktəblərdə heç bir dərs-filan keçirilmir.
Amma lap deyək ki, universitet rəhbərliyinin dedikləri doğrudur. Ortada heç bir siyasi sifariş-filan yoxdur, Tural Abbaslını da məhz mitinqlərə gedib dərs buraxdığı üçün qovublar. O zaman sual çıxır ortaya: niyə Ilham Əliyev üçün dərsdən qaçıb parka getmək vaxtını səmərəli istifadə etmək sayılır, amma Turalın bir neçə dəfə dərs əvəzinə mitinqə getməsi onun oxuduğu ali məktəbdən qovulması ilə nəticələnir? Necə ola bilər ki, söhbət Ilham Əliyevdən gedəndə, dərsə girmək əvəzinə hansısa parkda gəzib-dolaşmaq vaxtını sərfəli keçirmək anlamına gəlir, amma başqa birisi korrupsiyaya qarşı, hüquqsuzluğa qarşı, ədalətsizliyə, sümürücülüyə, məmur harınlığına qarşı, Azərbaycanı cənginə alıb aparan bu quldarlıq və quldurluq quruluşuna qarşı etiraz mitinqinə getdiyi üçün universitetdən qovulur?
Və nəhayət: Ilham Əliyevin o dediklərindən sonra ölkədəki bu hakim zehniyyətin hansısa tələbəni mitinqə getdi, siyasi aksiyaya çıxdı, ictimai fəallıq etdi deyə, dərs buraxmaq bəhanəsilə universitetdən uzaqlaşdırmağa hansı mənəvi haqqı qalır? Adama qayıdıb deməzlərmi, siz bu ölkənin mübariz, ləyaqətli, məmləkətin dərdlərinə sahib çıxmaq, onun ağrılarına, acılarına ortaq olmaq istəyən gənclərini saxta, sifarişli qayıblarınızla ləkələməyə çalışıb universitetlərinizdən qovacağınıza dönün vaxtını səmərəli keçirmək üçün az qala, hər gün dərsdən qaçıb istirahət parklarına üz tutan liderinizə baxın?!
Ad gününə 12 tonluq tort bişirənlərdən nə gözləyəsən?
“Azadlıq”ın ad gününün qeyd edildiyi restoranın işıqlarının siyasi səbəblərlə söndürülməsi bir utancdır, rejimin alnında növbəti qara ləkədir. Amma rəzalət yalnız “Azadlıq”ın ad günündə baş vermədi ki…
Elə Ilham Əliyevin ad günündə yaşananlar da bir utancdır. Bütün dünyada artıq sürətlə arxaikləşən, arxivə gömülən şəxsiyyətə pərəstiş, bütpərəstlik kimi zərərli, iyrənc vərdişlərə ikinci nəfəs vermək cəhdidir. Nə olsun, həmin gün bütün şadlıq evlərində işıqlar yanırdı, amma 50 metr uzunluğundakı 12 tonluq tort Azərbaycanın feodalizmə, şahlıqlar dövrünə necə təslim edildiyini ortaya çıxardı, bizi hansı zehniyyətin, təfəkkürün yönəltdiyini göstərdi. 
Belə ağılda adamların heç bir hərəkəti bizi təəccübləndirməməlidir. Onlar bundan artığına qadir deyillər. Qabında olan budur onların.
Yazıq Azərbaycana. Yüz kərə yazıq, min kərə yazıq!