Zülmətdə AZADLIQ nuru (VİDEO)

Ölkəni qaranlığa qərq edənlər bir tədbirlik işığa da dözmədi

Bir aya yaxın idi redaksiyada qəzetin yubileyi, onu harada, necə və kimlərlə keçirməyin söhbəti gedirdi. Kollektivin bütün üzvləri “Azadlıq”ın 22 yaşına xüsusi hazırlaşırdı. Məclis baş tutdu. Amma bu, bütün ad günlərindən fərqli, təkcə bizim yox, gələn qonaqların da bir ömür boyu unutmayacağı bir məclis oldu.

Bazar günü saat 16-dan başlayaraq səbəbkarlar və qonaqlar “Qızıltac” şadlıq sarayına toplaşmağa başladılar. Burada ölkənin siyasətçilərindən tutmuş, ziyalılarına qədər hər kəsi görmək olardı. Siyasi xadimlərdən Əli Kərimli, Isa Qəmbər, Sərdar Cəlaloğlu, Yusif Bağırzadə, Pənah Hüseyn, Eldar Namazov, Arzu Səmədbəyli, hüquq müdafiəçilərindən Leyla Yunus, Elçin Behbudov, Mirvari Qəhrəmanlı, hüquqşünaslardan Adil Ismayılov, Aslan Ismayılov, Əyyub Kərimov, media əhlindən Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Xədicə Ismayılova, Eynulla Fətullayev, Rauf Arifoğlu, Mahal Ismayıloğlu, Ələsgər Məmmədli, ziyalılardan Rafiq Əliyev, Mehriban Vəzir, Vaqif Bayatlı, Rüstəm Behrudi və onlarla başqa tanınmış ictimai-siyasi xadim qəzetimizin doğum günü tədbirinə rəng qatmağa gəlmişdi.

“Balalarımın çörəyinə bais olmayın”

Ümumi sayı yüz nəfərdən çox olan qonaqlar yenicə özünə yer etmişdilər ki, qəfildən restoranın işıqları kəsildi. 22 il ərzində bu cür “təsadüf”ləri çox görsək də, əvvəlcə işıqların söndürülməsinin texniki problem olduğunu düşündük. Qəzetimizin köşə yazarı Elnur Astanbəyli isə məclisdə qəfil yaranan bu qeyri-müəyyənliyə “Mən baş verənlərə təəccüblənməyimizdən təəəcübləndim” deyərək işıqların qəsdən söndürüldüyünün mesajını verdi. Bir neçə dəqiqədən sonra zalda əməlli-başlı gərginlik yarandı. Hava qaraldığı üçün içəridə az qala, göz-gözü görmürdü. Yəqin baş verən olayın qəribəliyi idi ki, heç kəs çıxıb getmir, bu “şounun” necə nəticələnəcəyini bilmək istəyirdi. Az sonra restoran rəhbərliyi yüksək səslə “Balalarımın çörəyinə bais olmayın, məni işdən çıxaracaqlar” kimi, yalvarış nümayiş etdirib, mərasimə imkan verilməməsi tapışırığını “yuxarıdan” aldığını etiraf etdi. Situasiyaya aydınlıq gətirmək üçün “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid qonaqların qarşısına çıxaraq elan etdi ki, hakimiyyətin yuxarı qatından şadlıq evinin rəhbərliyinə təzyiq olunub və mərasimin dərhal dayandırılması tələbi qoyulub. Özünü şadlıq evinin sahibi kimi təqdim edən şəxs də ona yuxarıdan təzyiq olduğunu təsdiqləyib və qonaqları dağılışmağa çağırıb: “Burada Azərbaycan siyasətinin tanınmış liderləri, ictimai-siyasi elitanın nümayəndələri, tanınmış jurnalistlər iştirak edirlər. Açığı, mən vəziyyətdən çıxış yolunun nədən ibarət olduğunu bilmirəm. Biz cəngəllik qanunları ilə idarə olunan vəhşi bir ölkədə yaşayırıq. Ya bizi buradan polis gücünə çıxaracaqlar, ya biz bunu sənədləşdirib məhkəməyə müraciət etməliyik. Bu, insanları sadəcə olaraq dolamaqdır. Azərbaycanda mövcud olan bu diktatura insanların bir yerə toplaşıb, yeyib-içmək məclisi qurmasına belə, bu sayaq məhdudiyyətlər qoyur.
Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Məclis bu sayaq yekunlaşsa belə, mən hər birinizin gəlişindən böyük qurur duyuram. Dönə-dönə təşəkkür edirəm. Ən gərgin, ən dramatik günlərimizdə sizlərlə bir yerdə olmuşuq. Bu da həmin günlərdən biridir ki, bir yerdə yaşayırıq”.

“Bütün dünyaya göstərək ki, Azərbaycan necə vəhşi ölkədir”

Qənimət Zahidin çıxış hələ başa çatmamış vəkil Aslan Ismayılov təklif etdi ki, tədbir davam edirsə, masaların üzərinə şamlar qoyulsun. Vəkilə dəstək verən Leyla Yunus əlavə təkliflərlə çıxış etdi: “Təklifim budur ki, ”Azadlıq”ın 22 ilini qeyd etməyə davam edək. Bütün dünyaya göstərək ki, Azərbaycan necə vəhşi ölkədir…”.
Bu məqamda restoran rəhbərliyi “Bura çox gözəl ölkədir” deyib Leyla Yunusun çıxışını yarımçıq kəsmək istədi.
L.Yunus: Sizi bura dəvət edən var?
Restoran rəhbərliyi: Var. Balalarıma yazığınız gəlsin də.
L.Yunus: Bu vətəndaş çətin vəziyyətdədir. Biz onu başa düşürük. Təklif edirəm ki, hamımız bir yerdə mahnı oxuyaq, bir neçə nəfər müsahibə versin və bu videorolik “Facebook”a yerləşdirilsin.

“Sağ olun ki, varsınız, belə cəsarətlisiniz!”

Bundan sonra söz AXCP sədri Əli Kərimliyə verildi: “Hörmətli xanımlar, bəylər. Bu gün biz Azərbaycanın ilk müstəqil qəzeti olan ”Azadlıq” qəzetinin 22 yaşını qeyd edirik. Bu baş verənləri hətta texniki olmasa belə, bir anlıq texniki problem sayaq, gərginliyi aradan qaldıraq. Azərbaycanın milli sərvəti olan, yüzminlərlə insan üçün üz tutmağa ünvan olan, Azərbaycanın ən ləyaqətli insanlarına tribuna verən “Azadlıq” qəzetinin 22 yaşı tamam olur. “Azadlıq”ın 22 yaşını belə qeyd etməsində bir məntiq var. Çünki bu qəzet 22 ilinin 21-ni ağır təzyiqlər, repressiyalar, həbslər şəraitində keçirib. Amma özünü də, azad sözü də qoruyub saxlaya bilib. Bununla da mübarizliyin, mərdliyin, azad sözün nümunəsini yaradıb. Heç şübhəsiz ki, ən böyük təşəkkürlər qəzetin qurucularına düşür. Onları hörmətlə xatırlayırıq və vaxtilə “Azadlıq” qəzetini çox güclü təməl üzərində qurmuş Nəcəf bəyin ruhuna rəhmət oxuyuruq. Bu gün başda dostum Qənimət bəy olmaqla “Azadlıq”ın kollektivini təbrik edirəm ki, onlar bu təməlin üzərində güclü bir azadlıq qalası qura biliblər. Sağ olun ki, siz varsınız, sağ olun ki, belə cəsarətlisiniz, mübarizsiniz,  həqiqətpərəstsiniz, təkcə qəzet buraxmırsınız, həm də azadlıq ideyalarını yayırsınız. Ad gününüz mübarək!”.

“88-ci ilin ”Kommunist qaranlığı”nı xatırladım”

Müsavat başqanı Isa Qəmbər baş verənlərin ona 88-ci ili xatırlatdığını bildirdi: “Hər şey aydındır. 88-ci il xatırladım. O zaman da Kommunist qaranlığında Elmlər Akademiyasında, universitetdə toplantılar keçirirdik. Leyla xanım kimi cəsarətli insanlar da həqiqətləri deyirdi. Bu gün də həqiqətləri ilk Leyla xanım dedi. Hər şeylə razıyam, bircə məqamdan başqa. Azərbaycan vəhşi ölkə deyil, bu ölkənin hakimiyyəti vəhşi hakimiyyətdir. Bu məclisi korlamağa, problem yaratmağa çalışırlar. Amma biz istənilən halda millətimizin dəyərlərinin qiymətini bilirik və onları qorumağa hazırıq. Bu cür vəhşi üsullarla Azərbaycanda azad sözün qarşısını ala bilməyəcəklər.
“Azadlıq” kimi bir qəzetin mövcud olması Azərbaycanın işıqlı xalqından, işıqlı ziyalılarından, potensialından xəbər verir. Mən “Azadlıq” qəzetinin yaranma günlərini, qəzetin adı ilə bağlı diskusiyaları xatırlayıram. Doğrudan da, Nəcəf Nəcəfov nəhəng bir iş gördü. Allah ona rəhmət eləsin. Ağamalı Sadiq Əfəndinin, Elçin Səlcuqun, qəzetin yaranmasında, güclənməsində iştirakı olan insanların hamısını xatırlayırıq. Bu gün “Azadlıq” qəzetini yaşadan insanları, Qənimət bəy və digər dostlarımızı təbrik edirəm. Çox böyük missiyanı daşıyırlar və bu yolda onlara uğurlar arzulayıram”. 

ADP sədri Sərdar Cəlaloğlu “Azadlıq” qəzetini böyük azadlıq adası adlandırdı. Və qəzetin yubileyinin bu formada keçirilməsinin daha yaddaqalan olacağını bildirdi: “Bu məclis təmtəraqlı şəkildə, işıqda keçsəydi, bəlkə şübhə edərdik ki, düz yolda deyilik. Bir halda ki, bizi bu cür sıxırlar, demək yolumuz düzdür. Hamınızı təbrik edirəm və uğurlar arzulayıram”.
“Elə burdakıların missiyası ölkəni qaranlıqdan işığa çıxarmaqdır”

“Vallah, mən burada təəccüblü heç nə görmürəm. Elə burada yığışanların missiyası odur ki, ölkəni qaranlıqdan işığa çıxarsınlar”. Çıxışına belə başlayan tanınmış ziyalı Rafiq Əliyevin bu sözləri alqışlarla qarşılandı. R.Əliyev bildirdi ki, cəmiyyətin, millətin ayaqda olmasının ən başlıca səbəblərindən biri müstəqil mediadır: “Bu müstəqil medianın ən öndə gedən mətbu orqanlarından biri ”Azadlıq” qəzetidir. “Azadlıq” öz missiyasını həmişə qəhrəmancasına yerinə yetirmiş bir qəzetdir. Ad günü münasibətilə kollektivi təbrik edirəm. Həmişə işlətdiyim söz var – bu günün qəhrəmanları sonunu düşünməyən müstəqil jurnalistlərdir. Mən hamınızı təbrik edirəm!”.

“Əslində bizə bu vəziyyət yaraşır”

Tanınmış ziyalı Mehriban Vəzir isə hər şeyə rəğmən “Azadlıq”ın ad günün hər kəs üçün bayram olduğunu dedi: “Azadlığımızın bayramıdır. ”Azadlıq” həqiqətən də bizim üçün fövqəladə mühit yaradıb. Ətrafda baş verən bu rəzalətdən, biabırçılıqdan, hər gün rastlaşdığımız bu haqsızlıqlardan üzümüzü çevirməyə bir məkanımız var. Bu, təkcə informasiya deyil, nəfəsimizin açılmasıdır. Bu, doğru sözə, səmimiyyətə olan ehtiyacımızdır. Bu meydanı 20 ildən çox çiyinlərində daşıyıb gətirən insanlar var. Adətən biz insanlar meydanda oluruq. Amma elə insanlar var ki, bu meydanı öz çiyinlərində mövcud edirlər və yaşadırlar. Mən bu insanlara – azadlığı, azad sözü yaşadanlara minnətdarlığımı bildirirəm. Düşünürəm ki, heç nədən usanmamalıyıq, ruhdan düşməməliyik. Yalnız dözüm və əzm bizi istədiyimiz həqiqi azadlığa, ədalətə qovuşdura bilər. Əslində bizə bu vəziyyət yaraşır. Bu, çox gözəl və unudulmaz gündür. Gözəl və sığallı bir tədbirimiz olsaydı, heç xatirimizdə qalmayacaqdı. Indi isə bu, heç vaxt unutmayacağımız bir gün olacaq. Mən hər şeyin yaxşı olacağına inanıram. Azərbaycanın azad olacağına, hər bir vətəndaşımızın rifaha, azadığa nail olacağına inanıram. Çox səmimiyyətlə deyirəm və bunun mütləq olacağını bilirəm. Çünki hər zülmət gecənin bir gündüzü var. Sizi bu gün münasibətilə təbrik edirəm və azadlığımızın böyüməsini arzulayıram!İİ”.

“Bu qədər də ağılsızlıq olmaz”

Vəkil Aslan Ismayılov isə qısa və maraqlı çıxışı ilə yadda qaldı: “Mən Azərbaycana 22 ildir gəlmişəm. Gəldiyim gündən də mənim gördüyüm, oxuduğum və izlədiyim birinci qəzet ”Azadlıq” olub. Bu günü sadəcə biabırçılıq adlandırıram. Bu qədər də ağılsız olmaq olmaz. Hamınızı təbrik edirəm və uğurlar arzu edirəm”.
Pənah Hüseyn isə baş verənləri biabırçılıq adlandırdı və əlavə etdi ki, hakimiyyətin milyardları, silah-sursatı olsa da, müxalifətdən qorxur: “Onlar bizdən qorxur, Azərbaycan xalqından qorxur. Biz qaranlıqdayıq, onlar işıqlı otaqda oturub tir-tir əsirlər”.
Politoloq Eldar Namazov isə bir vaxtlar “Azadlıq” qəzetində işləməyindən qürur hissi keçirdiyini dedi: “Biz bura yeyib-içməyə gəlməmişik. Gəlmişik sizi təbrik etməyə və öz sözümüzü deməyə. Bu imkanı da heç kim bizim əlimizdən ala bilməz. Mən fəxr edirəm ki, vaxtilə mənim adımın yanında – Eldar Namazov, ”Azadlıq” qəzetinin siyasi icmalçısı sözünü yazıblar. Nəcəf bəyin dövründən bəri “Azadlıq” qəzeti hər zaman Azərbaycanda mübarizənin simvoluna çevrilib. Bu gün də həmin simvol olaraq qalır. Mən bütün cəmiyyətə səslənirəm ki, “Azadlıq” qəzeti kimi mübariz olun! Mübarizəni bu qəzet kimi aparın!”. 

Qonaqların çıxışlarından sonra Qənimət Zahid təkrar zala müraciət etdi. “Biz bu ölkədə heç kimin balasının çörəklə istahana çəkilməsini, ailəsinin ac qalmasını istəmirik. Əksinə çalışdığımız odur ki, bu ölkədə elə bir siyasi sistem yaransın ki, adi sahibkar hakimiyyətin yuxarı qatlarından asılı vəziyyətə düşməsin, hər kəs azad olsun. Amma bu halda hakimiyyət şadlıq sarayını işlədənləri bizimlə üz-üzə qoydu. Amma mən eyni zamanda düşünürəm ki, bu situasiyada ”Azadlıq” qəzetinə bəlkə də bundan daha yaxşı, bundan daha səsli-küylü, bundan daha yaddaqalan ad günü keçirə bilməzdik. Bu, uzun illər hər kəsin yadında qalacaq ki, Azərbaycan belə bir bataqlığın içindədir. “Azadlıq” belədir. “Azadlıq” qəzeti həm problem yaradır, həm problem həll edir. Bizə vərdiş etməlisiniz. Biz insanları bu cür sınağa çəkməyi xoşlayırıq. Sağ olun ki, bizim çağırışımıza gəldiz, eşq olsun sizlərə! Bu günü yaddan çıxarmağa heç kim cəsarət etməsin. Biz də yaddan çıxarmayacağıq”.
Q.Zahidin çıxışından sonra zalda bir neçə dəqiqə “Azadlıq!” şüarları səsləndirilib və baş redaktorun qonaqlara minnətdarlığından sonra məclis başa çatıb.

Gültəkin