Hərəkatın iştirakçıları, veteranları bu mərhələdə də aktiv olmağa çağırılır
«Yenə ilin xalqı olacağıq!»
Bazar günü Vətəndaş Hərəkatının Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Sərhəd hərəkatı və milli birliyə gedən yol” mövzusunda konfrans keçirildi. Təxminən 350-400 nəfərlik konfrans iştirakçısının əksəriyyəti əslən Muxtar Respublikadan olsa da, onların arasında 1991-ci il dekabrın 31-də Naxçıvan-Iran sərhədindəki tikanlı məftillərin sökülməsi prosesinin baş verdiyi digər sərhəd rayonlardan olanlar da vardı.
Vətəndaş Hərəkatının Təşəbbüs Qrupunun koordinatoru Ibrahim Ibrahimli açılış nitqində sərhəd hərəkatının rolundan danışıb. Xatırladıb ki, sovet imperiyası çöksə də, xalqlar müstəqillik əldə etsə də, bütövlükdə proses yarımçıq qalıb, demokratikləşmə qlobal şəkildə həyata keçirilməyib: “Biz müstəqilliyimizi əldə etsək də, demokratiya və ərazi bütövlüyümüzü əldə edə bilməmişik. Biz bu səbəbdən dostlarımızı, veteranları mübarizəyə dəvət edirik, əsrin əvvəllərində Azərbaycan xalqı ”ilin xalqı” elan olunduğu kimi, 2012 və ya 2013-cü ildə də “ilin xalqı” elan ediləcək”.
1991-ci ildə sərhəd hərəkatının aparıcı liderlərindən olan və həmin dövrdə AXC-nin Naxçıvan Vilayət Təşkilatının sədri olan Asəf Quliyev çıxışında hərəkatın tarixindən danışıb: “Biz sərhəd məsələsini 1991-ci il noyabrın 11-də AXC-nin Məclisində qaldırdıq. Qərar verdik ki, ”21 Azər” günü ilə bağlı sərhəddə tədbir keçirək. Tələb qoyuldu ki, sərhəd sökülsün, 17 min hektar azad edilərək xalqa qaytarılsın. Dekabrın 12-də sərhəddə ilk tədbirimizi keçirdik. Bu tədbirə cənublu soydaşlarımızdan reaksiya gəlməsi bizi daha da ruhlandırdı. Mən dekabrın 19-da Naxçıvanda keçirilən mitinqin təşkilat komitəsinin sədri idim. Mitinqdə sərhədin sökülməsi məsələsini qaldırdım və xalq bütünlüklə sərhədin sökülməsinə qərar verdi. Bundan sonra AXC lideri Əbülfəz Elçibəylə görüşdük. O, sərhədin sökülməsinə razılığını verdi. Lakin həmin vaxt bizə Mərkəzi Komitədən, Naxçıvan Vilayət Partiya Komitəsindən, eləcə də Sərhəd Qoşunlarının Zaqafqaziya komandanlığından hədə-qorxu gəlirdilər. Bakıdan Naxçıvana 12 nazir gəlmişdi. Bütün bunlara baxmayaraq, danışıqlarda razılıq əldə edilmədi və biz dekabrın 31-də sərhədi sökdük. Bundan az sonra 31 dekabrı prezident Elçibəy Həmrəylik Günü kimi tarixə saldı”.
Asəf Quliyev çıxışında həmçinin təklif edib ki, heç olmasa, ayda bir dəfə toplaşaraq, Naxçıvanın problemlərini müzakirə etsinlər: “Çıxış yolları axtaraq, çünki vəziyyət bu cür davam edə bilməz”.
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat funksioneri Səxavət Əliyev, Imişli rayonundan sərhəd hərəkatının iştirakçısı Mirzeynal Fəttayev də çıxışlarında milli birliyə nail olmaq üçün bu gün azərbaycanlıların üzərinə düşən praktiki işlər barədə fikirlərini bölüşüblər. Sonda iştirakçılar adından meydan, sərhəd hərəkatında iştirak edib prosesdən çəkilənlərə, həmin hadisələrin veteranlarına müraciət qəbul olunub. Müraciətdə onlar bu mərhələdə aktiv olmağa, proseslərə qoşulmağa dəvət edilib.
Natiq