Sülhəddin Əkbər: «Azərbaycan hökuməti Abdulla Gülün bu mesajını almamış deyil»
Fransa parlamentinin aşağı palatasının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsini qəbul etməsindən sonra Türkiyə prezidentindən maraqlı bir açıqlama gəldi. Abdulla Gül bildirdi ki, Fransa öz neytrallığını itirdiyi üçün ATƏT-in Minsk Qrupunda öz vasitəçiliyini dayandırmalıdır. Gülün sözlərinə görə, bu qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması prosesinə ziyan vurur, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti bir az da pisləşdirir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Türkiyə prezidentinin bu açıqlamasını yerində verilən açıqlama kimi qiymətləndirir. S.Əkbər də, hesab edir ki, Fransa artıq bu məsələdə tərəf olduğu üçün Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilməz: “Hələ bu gərginlikdən əvvəl biz Avroatlantik Şura olaraq təklif etmişdik ki, Minsk Qrupunda Fransanı Avropa Birliyi əvəz etsə, daha yaxşı olar. Biz onu nəzərə almışdıq ki, onsuz da Minsk Qrupunun həmsədrləri Ermənistanın tərəfdarı olan ölkələdir. Rusiya açıq şəkildə Ermənistan tərəfdarıdır, bu ölkənin hərbi-siyasi müttəfiqidir. Amerika və Fransa isə erməni lobbisinin ən güclü olduğu ölkələrdir. Fransa parlamentinin son qərarı bizim nə dərəcədə haqlı olduğumuzu göstərdi. Bu baxımdan Abdulla Gülün açıqlaması yerindədir. Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır, eyni zamanda beynəlxalq siyasətdə birgə hərəkət haqqında siyasi razılaşma var. Azərbaycanın siyasi rəhbərliyi bu mesajı almamış deyil”.
Lakin ekspert onu da bildirir ki, Fransa ilə rəsmi Bakı arasında xüsusi münasibətlərin olduğunu da nəzərə almaq lazımdır: “Fransa ilə hakim ailə arasında xüsusi münasibətlər var. Bu məsələdə rəsmi Bakının necə davranacağı, konkret Ilham Əliyevin hansı addımlar atacağını indidən söyləmək çətindir. Amma hər halda artıq Azərbaycan ictimaiyyəti də Fransanın bu məsələdə tərəf olduğunu anlayıb. Tərəf olduğu üçün də Fransa vasitəçi ola bilməz. Çünki vasitəçilik ilk növbədə tərəfsizlik tələb edir”.
Gültəkin