Əlövsət Osmanlı: «Ictimai müzakirə olarsa, təhsildəki bütün paxırlar üzə çıxacaq»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə orta məktəb dərsliklərində olan səhvlərin ictimai müzakirəyə çıxarılmasını təklif edib. M.Abbaszadə çap materiallarında olan səhvlərə görə, kimlərinsə taleyinə zərbə vurmağa razı olmadığını bildirib: “Çap materiallarında olan səhvlər mütəxəssislər tərəfindən araşdırılır və mən də onların nəticələrinə əsasən bu məlumatları verirəm. Özüm riyaziyyat üzrə mütəxəssisəm və nəyin nə olduğunu yaxşı bilirəm. Hər bir ailədə bu dərsliklərdən istifadə olunur və ona görə bu ictimaiyyət bundan xəbərdar olmalıdır. Abituriyentlər bu dərs vəsaitləri ilə hazırlaşıb imtahan verirlər. Mən razı olmaram ki, kimlərsə bu səhvlərə görə qurban getsinlər”.
Təhsil üzrə ekspert Əlövsət Osmanlı hesab edir ki, Azərbaycan təhsilinin məzmununun dağılmasının bir səbəbi də,
elmə və pedaqogikaya zidd dərsliklərdir: “Orta məktəb dərsliklərimiz çox pis gündədir. Hesab edirəm ki, bu vəziyyətin mərkəzində Təhsil Nazirliyindəki başıpozuqluqla yanaşı, təhsil naziri Misir Mərdanov başda olmaqla, ayrı-ayrı şəxslərin korporativ maraqlarından doğan inhisarçılıq dayanır. Bu adamlar mənfur niyyətlərini həyata keçirmək üçün nazirlikdə hətta marionet bir qurum – Dərslikləri Qiymətləndirmə Şurası da yaradıblar. Həqiqəti bilmək istəyirsinizsə, mən deyim: 11 üzvdən ibarət olan bu yedək qurum Misir Mərdanova seçim prosesində əyintiləri həyata keçirmək üçün lazımdır. Onda soruşula bilər: Dərsliklərdəki biabırçılıqlara görə həmişə ictimai qınağa məruz qalan bu insanların nə marağı var ki, pusuz-parasız ictimai əsaslarla ağır və məsuliyyətli bir işin – dərsliklərin seçilməsi işinin ”altına” girirlər. Nəzərinizə çatdırıram ki, bu Şurada “mən sənə, sən mənə” prinsipi ilə çalışan bu insanlar “mənəvi” itkilərinin və əyintilərinin müqabilində yavaş-yavaş dərslik müəllifinə çevrilirlər. Məhz bu səbəbdəndir ki, Şura üzvləri – Nizami Cəfərov ana dili və ədəbiyyat; Vaqif Abbasov kimya; Mirzəli Murğuzov fizika; Sabir Mirzəyev riyaziyyat; Musa Qasımlı tarix dərsliklərinin müəllifidir”.
Ekspertin fikrincə, TQDK sədrinin son təklifi yerinə düşən təklifdir: “Məleykə Abbaszadə deyir ki, dərslərimiz ictimai müzakirəyə verilməlidir. Bu, mütləq olmalıdır. Çünki dərslik sırf ictimai məsələdir. Bu gün şəxsiyyət yönümlü təhsildən danışırıq. Şəxsiyyəti formalaşdırmaq üçün də ona verəcəyimiz bilik, bacarıq və dəyərlər həmin bu dərsliklər vasitəsilə ötürülür. Əgər biz mükəmməl dərslik istəyiriksə, bizim dərsliklərimiz mükəmməl olmalıdır. Dərslikdə olan hər hansı nöqsan formalaşdırılan şəxsiyyətə də öz təsirini göstərir. Bu gün dərsliklərlə bağlı yüksək tribunalardan deyilən sözləri mən ancaq alqışlayıram. Məleykə Abbaszadə çox doğru deyir ki, bu şeylər nəzərə alınmasa, hökumətə müraciət edəcəm. Mən davamlı olaraq mətbuatda yazırdım ki, bizim dərsliklərimiz çox pis gündədir. Dünyada Azərbaycandakı qədər biabırçı dərsliklər yoxdur. Mən bunu istənilən zaman, istənilən yerdə sübut edə bilərəm. Dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etsəm də, yayınıblar. Çox yaxşı bilirlər ki, belə bir ictiamai müzakirə olarsa, təhsildəki bütün paxırlar üzə çıxacaq. Ona görə inanmıram ki, təhsil naziri Məleykə Abbaszadənin bu təklifilə razılaşacaq”.
Ə.Osmanlı xatırladır ki, indiyədək təhsildə baş verən aşınmalarla bağlı mətbuatda silsilə tənqidi yazıları dərc olunub, televiziyalarda dəfələrlə kəskin çıxışlar edib və təhsil nazirinə həyəcandolu 9 məktub ünvanlayıb: “Bunlardan bir şey çıxmadığını görüb axırda həmin məktubları toplayaraq ”Mərdanova məktublar” adı altında kitab şəklində çap etdirmişəm. Bütün bunları etməkdə bircə məqsədim olub: Təhsilimizin, xüsusən də onun məzmununun dağılmasının qarşısını almaq. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı”.
Gültəkin