Cəmiyyəti evdar qadın statusuna salanların yeni qərarı barədə
Azərbaycanda qadağalar durmadan artır. Indi də dövlətin bir qurumu qərar çıxarıb ki, xarici seriallar qadağan edilir. Milli Televiziya və Radio Şurası dekabrın 22-də məhz belə qərar verib.
Bu, bilirsinizmi nə deməkdir? Sanki qəzetlərə qadağa qoyursan ki, xarici ölkələrin mədəni həyatından xəbər verə bilməzlər. Sən kimsən, qardaşım, bəlkə bu xalqa hansı ölkənin sabunu ilə yuyunmağı da qanuna salasınız? Bəs KIV-lərin azadlığı necə oldu? Haradan çıxdı bu senzura?
Mən şəxsən seriallara baxıb eləmirəm. Ən çox zəhləm gedən də “Qurdlar vadisi”dir. Amma kimsə bu qadağanı qoya bilməz. Dövlət TV-lərin məzmununa necə qarışa bilər? Düzdür, bunlar hamısı bir adamın dediyilə oturub-durur hələlik, amma sən onların yaxasından əllərini çəkməz əvəzinə, Konstitusiyaya zidd qərarla əyri gözlərini də çıxarmaq istəyirsən?
Səbəb də tapıblar. Qərarda deyilir ki, bu addım Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan yerli teleserialların çəkilməsi üçün atılır: “Məqsəd milli şüurun formalaşmasında, gənc nəslin inkişafında əhəmiyyətini nəzərə alaraq yerli telefilmlərin və serialların çəkilişini stimullaşdırmaqdır”.
Məgər gənc nəsil bizdə milli şüursuzdur? Bəs niyə?
Guya bunlar hamısı Məhəmməd Füzuli, Nizami Gəncəvi ilə nəfəs alırlar. Onda dünya ədəbiyyatını da qadağan edin. Yazıçılara da göstəriş verin ki, yalnız milli dəyərlərdən yazsınlar.
Bəs Türkiyənin serialları necə, onlar da bizə yaddır? Bəlkə Ilham Əliyev Türkiyəni sevmir ona görə? Görəsən Türkiyə niyə qadağan etmir onları. Gərək qadağan edib, milli şüura və əxlaqa sığan serialları Azərbaycandan alsın. Qazlı-neftli serialları olsun onların da.
Istəyirəm ki, oxucular bizi düz anlasın, biz serial dərdində deyilik. Biz onun dərdindəyik ki, hakimiyyət özbaşınalığın həddini bilmir, ağlına gələni edir. Ölkənin dərdi o deyil ki, xalq xarici seriallara baxır. Niyə baxır – dərd budur…
Işsizlik, azadlıqların yoxluğu, TV-lər də sərbəst fikirli verilişlərin olmaması, azad mətbuata yaradılan əngəllər bizim cəmiyyəti evdar qadın statusuna salıb – əksəriyyət serial tamaşaçısı olub. Bu, ölkədəki qeyri-sağlam idarəçiliyin və mühitin nəticəsidir. Hətta yaşlı kişilər oturub “Dodaqdan budağa” adlı seriala baxır. Tanınmış ictimai adamlar var, “Qurdlar vadisi”nin vaxtı gələndə nəfəsi darılır. Cəmiyyət xəstə olub artıq. Həyatı əlindən alınmış camaatın xeyli hissəsi də seriallara sığınıb.
Cəmiyyətdə azadlığın qarşısını açmaq, mədəni, təhsilli həyata yol açmaq əvəzinə, indi də yerli seriallar çəkməyə girişirlər. Ilham Əliyev seriallara pul ayırıb. Xeyir ola? Dünyanın harasında dövlət seriala pul ayırır görəsən? Bir tərəfdən deyirlər serial pisdir, digər tərəfdən özləri çəkir. Pafoslu əxlaq və millət serilları çəksən, kim baxacaq ona? Zatən ölkənin bütün TV-ləri elə milli seriallardan ibarətdir, hamısından az qala bir adamdan danışırsınız.
Adama sual verərlər ki, serialı xarici olduğuna görə bəyənmirsinizsə, xarici maşına niyə minirsiniz? Nəhayət, bizim TV-lər çəkə biləcəkmi normal seriallar? Bəlli bir ənənəsi olan kinostudiyamız bu gün yerindən tərpənə bilmir, “Bu (bədbəxt) şəhərdə” verilişindən uzağa gedə bilməyən TV-lər neyləyəcək?
Çox maraqlıdır. ANS Şirkətlər qrupu prezidentinin müşaviri Mais Məmmədli yeni qadağa haqda nə desə yaxşıdır: “Mən 2 əlli səs verirəm”.
Amma belə bir komediyanı iki əlli dəstəkləmək azdır…