Türkiyə Fransanı topa tutdu

İki ölkə arasında misli görünməmiş gərginlik

Ərdoğan Sarkozinin atasını soyqırımda ittiham etdi

Fransa parlamentinin aşağı palatasının “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun layihəsini qəbul etməsindən sonra Türkiyə-Fransa münasibətlərində tarixdə görünməmiş gərginlik yaranıb. Türkiyə hökuməti ilk addım kimi, Fransadakı səfirini qeyri-müəyyən vaxtadək Ankaraya çağırıb, həmçinin bu ökə ilə hərbi-iqtisadi əməkdaşlığı dondurub. Türkiyə parlamentindəki Türkiyə-Fransa dostluq qrupu da ləğv olunub.
Türkiyə prezidenti Abdulla Gül bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunda öz vasitəçiliyini dayandırmalıdır, çünki ölkə öz neytrallığını itirib. Gülün sözlərinə görə, bu qanunun qəbulu Qafqazda sabitliyin bərqərar olması prosesinə ziyan vurur, Azərbaycanla Ermənistan arasında onsuz da gərgin olan vəziyyəti bir az da pisləşdirir.

“Fransızlar Əlcəzairdə əhalinin 15 faizini öldürüb”

Baş nazir Rəcəb Tayyib Ərdoğan da Fransanın ünvanına sərt danışıb. Ərdoğan Türkiyə tarixində soyqırım olmadığını, əksinə, məzlumların Osmanlıya sığındığını bildirib və Fransa prezidenti Nikola Sarkoziyə Əlcəzair soyqırımını xatırladıb: “Fransızlar Əlcəzairdə əhalinin 15 faizini öldürüb. Bu, bir soyqırımıdır. Əgər Sarkozi bilmirsə, atası Pol Sarkozidən soruşsun. Atası 1940-cı ildə Əlcəzairdə əsgərlik edib. Əminəm ki, oğluna qətliam haqqında deyəcəyi çox sözü var”.
Ərdoğanın sözlərinə görə, Sarkozinin babası Ispaniyadan qaçaraq, Osmanlı imperiyasına sığınıb, daha sonra Fransaya köçüb: “Ispaniyadan qaçıb Osmanlıya sığınan yəhudilər bu gün Yunanıstanda olan Selanikə yerləşdirilib. Selanik Osmanlıdan ayrılandan sonra 1904-cü ildə Fransaya köçən Benedikt Malla Sarkozinin babası olub. Sarkozi öz ailəsinə baxsa, orda türklərin yardımından və xoş niyyətindən başqa bir şey görməyəcək”.
Baş nazir Fransa Milli Assambleyası üzvlərinin onda birinin iştirak etdiyi səsvermənin keçirilməsini “ciddiyyətdən uzaq bir yanaşma tərzi” kimi qiymətləndirib. Qanun layihəsinin insan haqlarına zidd olduğunu vurğulayan baş nazir qanunun qəbulunun iki ölkə arasındakı əlaqələrdə bərpası çətin olan yaralar açacağını qeyd edib: “Əsrlərdir davam edən Fransa-Türkiyə əlaqələri yalnız yaxınlaşan seçkilər və Sarkozinin səs narahatlığı üzündən pozuldu”.
Ərdoğan sözügedən qanunun Fransa cəmiyyətinə qarşı da haqsızlıq olduğunu vurğulayıb: “Indi mən soruşuram: Fransada ifadə azadlığı varmı? Yoxdur! Bu qərarda irqçilik, əcnəbi düşmənçiliyi var. Seçkidə qələbə qazanmaq üçün islamofobiyanı körükləmək var. Bu, yalnız Fransa deyil, Avropa adına da narahatlıq doğurur”.
Ərdoğan ilk mərhələdə tətbiq olunacaq sanksiyaları da açıqlayıb. Parisdəki Türkiyə səfirinin məsləhətləşmə üçün Ankaraya çağırıldığını söyləyən baş nazir digər tədbirləri bu şəkildə sıralayıb: “Fransa ilə hər cür siyasi məsləhətləşməni dayandırırıq. Ikitərəfli hərbi əlaqələri və birgə təlimləri ləğv edirik. Hər uçuş üçün ayrıca icazə qaydasına başlayırıq. Hərbi gəmilərin icazə müraciətlərini bu gündən etibarən ləğv edirik. 2012-ci ilin yanvarında keçirilməsi planlaşdırılan Türkiyə-Fransa Birgə Iqtisadiyyat və Ticarət Komitəsinin toplantısında iştirak etmirik”.

Davudoğlu Sarkozini Qəzzafi ilə müqayisə etdi

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Fransanın mövqeyini sərt tənqid edib. Davudoğlu bu qanunla Fransanın orta əsrlərə qayıtdığını bildirib: “Dünənki səsvermə ilə Fransa parlamenti fəlsəfi və ideoloji cəhətdən Orta Əsrlərə qayıtdı. Qəzzafinin, Ben Əlinin və Bəşər Əsədin rejimi öz xalqlarına nə düşünməyi, nəyin doğru-nəyin yanlış olduğunu diqtə etdiyi kimi, dünən də Fransa Milli Məclisi avropalılara nə düşünməyi və nəyi müzakirə etməyi diktə etdi. Bu mənada, həmin səsvermənin Yaxın Şərq diktatorlarından fərqi yoxdur”.

Sarkozidən Türkiyəyə qorxaq cavab

Qanun layihəsinin qəbulundan sonra Fransa prezidenti Nikola Sarkozi bu mövzuda ilk dəfə danışaraq, türk dostlarının fikirlərinə hörmətlə yanaşdığını bildirib: “Türkiyə çox böyük bir ölkə, böyük bir mədəniyyətdir. Onlar da bizim mövqeyimizə hörmət etməlidir. Fransa heç kimə dərs keçmir, amma heç kimdən də dərs almaq istəmir”.
Fransanın xarici işlər naziri Alan Jüpe isə Türkiyənin bəzi ittihamlarının həddindən artıq sərt olduğunu deyib. O, Türkiyə ilə Fransa arasındakı inamı və dostluğu davam etdirmək üçün çox səbəblər olduğunu söyləyib.

Informasiya şöbəsi