Siyavuş Novruzovdan kobud səhv

YAP-çı deputat dayaz fikirləri ilə hakimiyyəti pis vəziyyətdə qoydu

Milli Məclisin dünənki iclasında YAP-çı deputat Siyavuş Novruzov Fransa parlamentinin qondarma erməni soyqırımının inkar edilməsini cinayət sayan qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən absurd bir fikir səsləndirib.
YAP-çı deputat deyib: “Azərbaycan müxalifətçi jurnalistləri bəzən sığınacaq kimi gedib Fransaya sığınırlar, bu onların da türklərə qarşı olmasının göstəricisidir”.
Əvvəla, Siyavuş Novruzov bilməli idi ki, belə bir absurd iddiada bulunmaq ciddi siyasi səhvdir. Çünki adama deyərlər, əgər jurnalistlərin Fransada sığınacaq alması onların türklərə qarşı olmasının göstəricisidirsə, bəs Ilham Əliyevin Fransa ilə memorandum imzalaması nəyin göstəricisidir? Özü də bu sənəd Fransa parlamenti həmin səfeh qanunu qəbul etdiyi gündə imzalanıb. Digər tərəfdən, yəqin Siyavuş Novruzov da bilməmiş deyil ki, Ilham Əliyevin xanımı Mehriban Əliyeva Fransanın ali ordeni ilə təltif olunub. Fransa hökumətinin Türkiyəyə qarşı atdığı bu addımın qarşılığında bu ordendən imtina etmək Parisə sərrast cavab olardı. Amma Mehriban Əliyeva nəinki bu ordendən imtina edib, hətta rəhbəri olduğu Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun adından bu məsələyə heç bir reaksiya verməyib. Halbuki ən pis halda bu dostluq qrupunu tərk etmək lazım idi. Ən yaxşı halda isə Fransaya etiraz olaraq qrup ləğv olunmalı idi. Indi Siyavuş Novruzov özü desin görək, bəs bütün bunlar nəyin göstəricisidir?

Informasiya şöbəsi