Qazaxstanda kütləvi həbslər

Nazarbayev rejimi Janaozen hadisələrinin “günahkarlarını” tutdurur

Qazaxtıstanın Maqnitski administrativ rayonunun Janaozen şəhərində dekabrın 16-da maaşlarının artırılması tələbiylə aksiya keçirən neftçilərlə polislər arasında yaranmış qarşıdurmalara görə bölgədə kütləvi həbslərə start verilib. Rayon məhkəməsinin mətbuat katibi Nursərik Şaripov bildirib ki, hadisələrə bağlı 16 nəfər həbs olunub. Onlar barəsində “kütləvi iğtişaşlarda iştirak” və “hakimiyyət nümayəndəsinə güc işlətmək” maddəsiylə cinayət işi açılıb. Həbslər Qazaxstan prezidenti Nursultan Nazarbayevin bölgəyə səfəri zamanı da davam edib.

Xatırladaq ki, Janaozen şəhərində dekabrın 16-da müstəqillik ildönümü ilə bağlı keçirilən bayram konserti zamanı bir qrup neftçi etiraz askiyası keçirərək əməhaqlarının arıtırılmasını tələb ediblər. Polis aksiyaçıları dağıtmağa cəhd göstərdiyi vaxt neftçilərin sərt reaksiyası ilə üzləşiblər. Etirazçılar onlara hücum edən polislərə daşa tutub, polis maşınını aşıraraq yandırıblar. Vəziyyətin nəzarətdən çıxdığını görən polislər kütləyə atəş açıb. Açılan atəş nəticəsində 15 nəfər həlak olub.

Kütləvi iğtişaşdan sonra Təhlükəsizlik Şurasının təcili toplantısını keçirən prezident Nurslutan Nazarbayev bölgədə fövqəladə vəziyyət elan edilməsi haqda qərar verib. Janaozenə və ona yaxın bölgələrə əlavə qüvvələr yerəşdirilib. Etirazların kütləvi hal almaması üçün şəhərin ətraf bölgələrlə əlaqəsi kəsilib. Nazarbayev yaranmış gərginliyi azaltmaq məqsədiylə bölgəyə səfər edib. Neftçilərin narazı olduğu “KazmunayQaz”ın və Maqintski administrativ rayonunun rəhbərlərini işdən azad edib. Qazaxstan rəhbəri iki gün öncə isə “KazmunayQaz”ın da daxil olduğu “Samruk-Qazın” korporasiyasının prezidenti, kürəkəni və varisi kimi tanınan Timur Kulibayevi də tutduğu postdan uzaqlaşdırıb.

İnformasiya şöbəsi