Fransanın qanunu boz qurdlara qarşı deyil

Bu gün bütün nəzərlər Fransa parlamentində “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi məsələsinə dikilib. Türkiyə ictimaiyyətində, iqtidarlı-müxalifətli siyasi çevrələrində qanunun qəbuluna münasibət birmənalıdı. Azərbaycanda isə fikirlər təbii olaraq haçalanıb. Iqtidar yanlıları istər-istəməz ya susur, ya diqqəti məsələnin əsl mahiyyətindən yayındırmağa çalışır. Məsələni elə bir müstəviyə gətirirlər ki, sanki bu, sadəcə bir milli məsələdi. Sanki söhbət boz qurd simvollarından, qan qardaşlığı kimi tarixə və mifolojiyə bağlanan məsələlərdən gedir. Hətta lağ-lağı münasibətlə özlərinin qloballaşma tərəfdarı olduğunu sərgiləməklə kimlərsə avam rəiyyətdən çox yuxarıda olduqlarını sərgiləməyə çalışırlar. Həm də bu qədər qeyri-ciddi: “Biz bu gündən Fransa yazıçılarını oxumayacağıq”. Bu, məsələyə son dərəcə vecsiz və ləyaqətsiz yanaşmanın təzahürüdü. Guya bunlar türk təəssübkeşliyi kimi geridəqalmış fikri lağa qoyurlar. Guya Fransa ilə əlaqələrin kəsilməsi ideyası çox gerizəkalıymış. Məgər anlamırlar ki, söhbət qətiyyən milli zəmində deyil? Bunu bilmək üçünsə savadlı olmağa belə gərək yoxdu. Bu qanun Avropanın, Fransanın özünün təməl qanunlarına ziddi – bunu qanun əleyhinə mitinqdə iştirak eləyən bir fransız və sağ mərkəzçilərin prezidentliyə namizədi Fransua Bayro deyir. Azərbaycanın cücə intellektualları isə, guya Fransanın bu qanununa qarşı olanları masqaraya qoyur.

Bu gün nəinki Türkiyə və Azərbaycan, bütün dünya – başda Avropa dövlətləri olmaqla Sarkozi hakimiyyəti ilə əlaqələrini kəsməlidir. Indi Sarkozinin Bəşər Əsəddən nəyi artıqdı ki? Biri insanları qətlə yetirir, biri insanların azad düşüncəsini. Bu qanunun qəbulu ilə ilk növbədə öz vətəndaşlarının azadlığına balta çalan və başqa dövlətlərə pis nümunə olan Fransa dünya çapında tənqid edilməli, dünya ictimaiyyəti dirəniş göstərməlidir.
Məsələ qanunun sırf türklərə qarşı hazırlanmasında deyil axı. Belə bir qanun hətta tam tərsinə, ermənilərə qarşı qəbul edilmiş olsaydı belə, yenə də eyni qatilcə şey olacaqdı və mən şəxsən vicdanım qarşısında and içirəm ki, o zaman da eyni hiddətlə bu qanunu lənətlərdim. Əgər Avropa bu qanunun qarşısında susub, onu sıradan bir milli məsələ kimi anlayacaqsa, o zaman yazıqlar olsun Avropaya. O zaman Avropa hansı haqla Azərbaycana demokratiya, ədalət, qardaşlıq nümunəsi ola bilər? Mən indi Ilham Əliyevin necə sevindiyini xəyalıma gətirirəm. Çünki bu qanun söz azadlığına qarşıdı. Gün gələcək, o, Fransanı bu qanuna görə şantaj da edəcək, necə ki, ondan insan hüquqlarına sayğı tələb eləyən ABŞ-ı və başqa dövlətləri. Bir gün mütləq Fransa bu hakimiyyətə qarşı duracaq – Qəzzafi ilə olduğu kimi. Iran parlamentinin deputatları da bunu xatırladıblar bizim “balanslı siyasət” yürüdən hakimiyyətə: “Biz Azərbaycan rəsmilərinə tövsiyə edirik ki, dost seçərkən diqqətli olsunlar. Çünki dünənə qədər Amerika və Israilin yanında dayanan Misir, Liviya və Tunis kimi hökumətlər bu gün dağılıb”. Düşmən həqqa bu sözündə haqlıdı.
Məsələnin bu mərhələyə gəlib çatmasında Türkiyə hökumətinin də suçu az deyil. Söz var, deyir, ağıllı adam istənilən çətin vəziyyətdən çıxa bilər, müdrik adam isə heç vaxt o çətinliyə düşməz. Fransada türk seçicilərin ermənilərdən çox ola-ola bu cür məğlubiyyətə uğraması haqda indimi düşünülməliydi?
Ərdoğan deyir: “Fransada azad düşüncə prinsipləri parlamentin deputatları tərəfindən tapdalanıb”. Azad düşüncənin qayğısına qalan bir siyasətçi gərək hər məqamda bu prinsipi gözləsin və prinsipial olsun, kimsəyə fərq qoymasın. Biz isə bir kərə olsun belə, sayın Baş nazirin Azərbaycanda düşüncə azadlığını müdafiə elədiyini görmədik…