Fuad Qəhrəmanlı: «Azərbaycanın xarici siyasət olduqca qeyri-müəyyəndir və hər hansı strateji xarakteri yoxdur»
Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdulayev 2011-ci ilin yekunlarına 1news.az saytına müsahibəsində ölkənin arxada qalan ildə xarici siyasət vektoruna aydınlıq gətirməklə yanaşı bir sıra maraqlı məqamlara da toxunub. Məlum olub ki, ötən il ərzində Azərbaycan ölkələr arası münasibətləri dərinləşdirərək adları çəkilən dövlətlərlə ikitərəfli müqavilələr imzalayıb. Onlar Gürcüstan, Serbiya, Sloveniya, Çexiya, Macarıstan, Kolumbiya və Ekvadordur. Başqa bir sualda isə bu il ərzində ölkəmizə səfər edən rəsmilərin adları sadalanır. Adları çəkilən şəxslər sırasında daha çox Avropa Birliyi, ABŞ rəsmilərinə rast gəlirik. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Parlamentinin sədri Eji Buzek,
Avropa Komissiyasının xarisi siyasət məsələləri üzrə nümayəndəsi Ketrin Eşton, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq, dövlət katibinin xüsusi təmsilçisi Riçard Morninqstar, NATO-nun Cənubi Qafqazda xüsusi nümayəndəsi Ceyms Appaturay.
Amma Azərbaycan nədənsə hazırda dünyada gedən proseslərə daha çox təsir gücü olan bu şəxslərin təmsil ediyi qurum və dövlətlərlə əlaqələri dərinləşdirməyə can atmır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Azərbaycanın xarici siyasətində Avroatlantik məkana inteqrasiya siyasətinin prioritet olmaması təəssüf doğurur. Bu siyasətin özünü digər Qərb ölkələri ilə münasibətlərdə də göstərdiyini deyən F.Qəhrəmanlı bildirdi ki, Azərbaycanın Qərb strukturları ilə əməkdaşlığa can atmaması hakimiyyətin mahiyyəti ilə bağlıdır: “Görünür, Azərbaycanın bu əməkdaşlıqdan yayınmasının səbəbi iqtidarın Qərb standartlarına uyğunlaşmaq istəməməsi ilə bağlıdır. Bu üzdən Azərbaycan nə Avropa Birliyi, nə də NATO ilə əməkdaşlığın uzadılmasında maraqlı görünür. Sadəcə olaraq, Azərbaycan rəhbərliyinin Qərbə səfərlərindən daha çox hakimiyyətin təbliğatı üçün istifadə olunur. Amma Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində addımlar atılmır”.
Bir neçə il əvvəl Azərbaycanın Müdafiə Nazirliyində NATO ilə əməkdaşlığa xüsusi cavabdeh bir qurumun fəaliyyət göstərdiyini xatırladan F.Qəhrəmanlı bildirdi ki, NATO ilə əməkdaşlıq Azərbaycanın strateji maraqlarına uyğun olmaqla yanaşı ölkəmizin təhlükəsizliyini təmin edir. Amma dövlətçilik maraqlarının əksinə olaraq bu idarənin ləğv olunduğunu deyən AXCP yetkilisi vurğuladı ki, Azərbaycanın Qoşulmayan Ölkələr Blokuna üzv olması rəsmi Bakının hansı xarici siyasətə üstünlük verdiyini göstərir: “Azərbaycanın xarici siyasəti ölkənin təhlükəsizlik, iqtisadi və siyasi maraqlarını təmin edəcək istiqamətdə yürüdülmür. Əslində Azərbaycanın xarici siyasəti olduqca qeyri-müəyyəndir və hər hansı strateji xarakteri yoxdur. Heç şübhəsiz, bu da Azərbaycanın bu il imzaladığı ikitərəfli sənədlərdə özünü göstərir”.
Xəyal